Rafael Dadaşov II Fəxri Xiyabanda dəfn olundu

Martın 16-da dünyasını dəyişən Azərbaycanın xalq artisti Rafael Dadaşov II Fəxri Xiyabanda dəfn olunub.

 

APA TV-nin məlumatına görə, koronavirusla əlaqədar olaraq kütləvi toplaşmaların ləğv olunması səbəbindən sənətkarla vida mərasimi mərhumun yaşadığı evdə baş tutub.

 

Xalq artisti Brilliant Dadaşova Rafael Dadaşovun ölümünün onun üçün çox ağır bir itki olduğunu deyir: “Bizim üçün çox ağırdır ki, biz vida mərasimi edə bilmədik. Azərbaycan Dövlət Dram Teatrının illərdir ki, aparıcı aktyoru olub Rafael Dadaşov. Onunla xalq vidalaşmaq istəyirdi, onun  sevənləri. Amma biz vida mərasimini keçirə bilmədik müəyyən səbəblərə görə. Allah xalqımızı bu virusdan qorusun!”

Dəfn mərasimində tanınmış mədəniyyət və incəsənət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər. Xalq artistinin məzarı önünə Azərbaycan Respublikasının Prezidenti və Birinci vitse-prezidenti adından əklil qoyulub.

Rafael Dadaşov 1946-cı il yanvarın 4-də Zaqatala rayonunda anadan olub. Orta məktəbi Naxçıvan şəhərində bitirdikdən sonra 1966-1972-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif işi fakültəsində ali təhsil alıb. 1967-ci ildən etibarən əmək fəaliyyətinə başlayan Rafael Dadaşov 1974-cü ilədək Bakı Dövlət Sirkində, Naxçıvan Muxtar Respublikası Mahnı və Rəqs Ansamblında və Ümumittifaq Sirkində müxtəlif vəzifələrdə çalışıb, 1974-1976-cı illərdə Naxçıvan Xalq Yaradıcılığı Evində təlimatçı olub, eyni zamanda orada Televiziya və Radio Komitəsində işləyib.

1976-cı ildən ömrünün sonunadək Akademik Milli Dram Teatrında çalışan aktyor ötən illər ərzində bu sənət ocağının səhnəsində dünya və milli dramaturgiya nümunələri əsasında hazırlanmış tamaşalarda müxtəlif xarakterli yaddaqalan dramatik və tipik obrazlar yaradıb, ümumilikdə 100-ə yaxın rolda uğurla çıxış edib.

 

Mədəniyyət naziri Əbülfəs Qarayev kütləvi tədbirlərin təxirə salınması ilə bağlı qadağanın götürülməsindən sonra Rafael Dadaşovun xatirəsinə böyük bir ədəbi-bədii gecənin keçiriləcəyini bildirib: “Hörmətli Mehriban xanımın tapşırığı ilə onun səhhəti ilə bağlı bütün lazımi ölçülər götürülmüşdü. Allahın hökmüdür. Allah ona rəhmət etsin. İndiki vaxtda bu mümkün deyil, ancaq vəziyyət düzələndən sonra Rafael Dadaşovun xatirəsinə böyük bir ədəbi-bədii gecə keçirəcəyik, onun xatirəsini yada salacağıq. Böyük bir ustadır, böyük bir ziyalıdır. Gözəl insan, yaxşı dost idi”.

 

Deputat Qənirə Paşayevanın sözlərinə görə, Rafael Dadaşov xalqımızın çox dəyərli sənətkarlarından biri olub: “Azərbaycan teatrında, mədəniyyətində, sənətində xüsusi yeri olan insanlardan biridir. Belə insanlar xalqın millətin sərvəti olur. Ona görə onun itkisi hamımızı üzdü, hamımızı kədərləndirdi. Bu qədər insanı buraya gətirən şeyin adı sevgidir”.

 

Xalq artisti Arif Quliyev də mərhum sənətkarla bağlı xatirələrini bölüşüb: “Çox böyük sənətkar, böyük insan idi. Təvazökardır, heç vaxt mənəm-mənəm deməzdi. Onun əvəzinə onun rolları danışardı. İnsanlarla olan səmimiyyəti, sadəliyi. Bu gün onu itirməklə biz yarı hissəmizi itirdik, çünki səhnəmizin Rafaeli artıq olmayacaq”.

 

Mərhumun qızı Səidə Dadaşova atasının xalq tərəfindən sevildiyini və heç bir zaman unudulmayacağını qeyd edib: “Mən yetim qaldım. Məni qoydu getdi. Xoşbəxt insanam. O, heç vaxt unudulmayacaq. Atalar ölmür ki. Qız övladı atadan yetim qalır. Mən atamın qızı idim”.

Qeyd edək ki, Rafael Dadaşovun Azərbaycan mədəniyyətinin inkişafı sahəsində göstərdiyi xidmətlər lazımınca qiymətləndirilib. O, 1987-ci ildə respublikanın əməkdar artisti, 2006-cı ildə xalq artisti fəxri adlarına layiq görülüb, 2019-cu ildə isə müstəqil Azərbaycan Respublikasının ali dövlət mükafatlarından olan “Şöhrət” ordeni ilə təltif edilib.

 

Müəllif | Apa.Tv
Apa.tv