Rasim Quliyev: “Azərbaycanda hər parlament seçkisində seçici fəallığı əvvəlkindən yüksək olur”
“Deputatlığa namizədliyi qeydə alınan şəxslərdən 82 nəfəri 18-28, 43 nəfəri isə 67 yaşdan yuxarı olan şəxslərdir”.
APA TV-nin xəbərinə görə, bu barədə “Resurs” Analitik İnformasiya mərkəzinin sədri Rasim Quliyev ölkədə keçiriləcək növbədənkənar seçkilərlə bağlı aparılan araşdırmaların nəticələrini açıqlayarkən bildirib.
O qeyd edib ki, 1998-ci ildə anadan olan və hazırda 22 yaşı olan 8 nəfər də deputatlığa namizədliyini irəli sürüb. Eyni zamanda 1938-ci il təvəllüdlü 2 nəfərin deputatlığa namizədliyi qeydə alınıb: “Deputatlığa namizədliyi qeydə alınan şəxslərin yaş bölgüsü seçkiyə böyük inam olmasını bir daha sübut edir. Yaş həddi arasında bu cür bölgü cəmiyyətdə 1998-ci ildən sonrakı dövrdə islahatçılıq, yenilik abı-havasının mövcudluğunu göstərir. İslahatların nəticəsini parlament seçkilərində iştirak edən deputatlığa namizədlərin sayında da görürük”.
Builki parlament seçkilərində 5 milyon 238 min seçicinin qeydə alındığını deyən Mərkəz sədri onu da əlavə edib ki, 2005-ci il parlament seçkilərində seçici fəallığı 42 faiz, 2010-cu ildə 46 faiz olduğu halda, 2015-ci ildə bu rəqəm 55 faiz olub. Bu isə onu deməyə əsas verir ki, bu illər ərzində keçirilən seçkilərdə artıq seçici mədəniyyəti formalaşıb: “Keçən il bələdiyyə seçkilərində 32,2 faiz seçici fəallığı olub. Bu isə onu göstərir ki, bələdiyyə institutu ölkədə yeni olduğundan, seçicilərdə bu təsisatla bağlı maarifləndirmə zəifdir. Ona görə də bələdiyyə seçkilərinə maraq azdır. Ölkədə Milli Məclisə seçkilərdə seçici fəallığı sonuncu dəfə 55 faiz olduğu halda, prezident seçkilərində bu göstərici 85 faiz olub".
Siyasi ekspert bildirib ki, ötən illərdən fərqli olaraq, bu il namizədlərin 22,58 faizi qadındır. 299 nəfər qadın seçkilərə namizəd kimi qatılıb, bu isə rekord göstəricidir.