Razi Nurullayev: “Bu xalq hər şeyindən keçdi ki, qələbə qazanaq, torpaq qayıtsın”
Milli Məclisin payız sessiyasının növbəti plenar iclası keçirilib. APA TV-nin məlumatına görə, iclasın gündəliyinə 5 məsələ daxil edilib.
Cari məsələlərin müzakirəsi zamanı deputat Siyavuş Novruzov 44 günlük Vətən Müharibəsində jurnalistlərin çox yaxşı fəaliyyət göstərdiklərinin, hərbi vəziyyətin tələblərinə uyğun davrandıqlarının, istər cəbhədə, istərsə də informasiya savaşında yaxından iştirak etdiklərini bildirib. Deputat deyib ki, bu tendensiya hər zaman qorunmalıdır: “Xankəndidən torpaq alaq-almayaq” məsələsini mediada müzakirəyə çıxarmaq düşmən dəyirmanına su tökməkdir. Azərbaycan vətəndaşları istənilən ərazimizdə torpaq ala bilərlər”.
Deputat Razi Nurullayev qeyd edib ki, Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi altında zəfər çalıb. Buna kölgə salmaq istəyənlər şəhidlərimizin ruhunu incitdikləri üçün onlara qarşı ən sərt qınama kampaniyası olmalıdır: “Bəziləri milli birliyi unudub, nifrət dolu çıxış edirlər. 44 gün səssiz qaldınız, sağ olun. İndi isə ağıllı söhbətlər edək. Nə qədər ürəkbulandırıcı danışmaq və qaragünlü olmaq olar? Əli Kərimli, Əli İnsanov və xaricdə olan bloggerlərin bəzisi köhnə peşələrinə qayıdıblar. Əli İnsanovun dünənki müsahibəsi nifrət doludur. Köhnə ritorikanız sizə və xalqa nəsə qazandırmır. Qarabağ zəfərini aşağılamaq cəhdiniz qəbuledilməzdir. Əli Kərimli də Qarabağ zəfərini kiçildir, çünki içində vəzifə tutanlara nifrəti var. Deyir ki, zəif düşməni udmağa nə var idi ki? Vallah-billah, Allah haqqı ayıbdır və orada tökülən şəhid qanlarına sayğısızlıqdır. Bu xalq gözəl xalqdır, hər şeyindən keçdi ki, qələbə qazanaq. Bu xalq oğlundan keçdi ki, torpaq qayıtsın. Bu xalqın oğlanları əlini, ayağını itirdi ki, namusumuz təmizlənsin. Danışmaqla heç kimin qarnı doymur, nələrsə edin ki, xalq onu görsün və dəstəkləsin. Çıxış yolu yalnız nifrət dolu tənqiddirmi? Bütün günü fikirləşirsiniz ki, necə edək ki, Prezident İlham Əliyevi nüfuzdan salaq. Başqa işiniz gücünüz yoxdur? Daha bu kişi torpağı alıb da. Nə istəyirsiniz?”
Deputat Əli Məsimli isə diqqəti COVID-19-la mübarizənin hazırkı yollarına yönəldərək bildirib ki, hazırda koronavirus testləri ilə əlaqədar problemlər var: “Bəzi istisnaları çıxsaq, ölkədə testlər 100-120 manatdır. Bu, olduqca yüksək qiymətdir. Həmçinin yerlərdə vəziyyət, pulsuz testlər, xəstəxanalarla əlaqədar suallar mövcuddur. Təklif edirəm ki, parlamentdə görkəmli tibb xadimlərinin iştirakı ilə dinləmə keçirilsin. Bu, cəmiyyətdə olan pessimizmin aradan qaldırılmasına kömək olardı. Təcrübəyə əsasən əgər virusla mübarizədə təşkilati işlər zəif olarsa, bunun fəsadları da pis olur. Biz bu sahədə monopoliyaya çevrilən halların qarşısını almalıyıq. 100-130 manata virus testi olduqca baha qiymətdir. MDB-də ən yüksək qiymət sayıla bilər. Ekspress testlər Belarusda 20-23 manatdır. Testlərin qiyməti aşağı salınmalıdır”.
Hazırda Azərbaycanın orden və medalları siyahısına yeni bir medalın əlavə olunması ilə bağlı Prezidentin qanun layihəsi təqdim edildiyini deyən I vitse-spikert Əli Hüseynli bildirib ki, müharibə şəraiti dövründə dağıntıların aradan qaldırılmasında FHN-in əməkdaşları da yaxından iştirak edib: “Medalda milli atributlar da nəzərə alınıb. Hesab edirəm ki, bu medalın təsis olunması Azərbaycanın orden və medallarına yeni töhfə vermiş olacaq”.
İclasın sonunda bir sıra qanun layihələri səsə qoyularaq qəbul edilib.
İlahə Vəliyeva,
Musa Qulammirzəyev
APA TV