Reallıqları tamaşaçılara çatdıran 3 yaşlı Real TV - REPORTAJ
Bu gün xəbər kanalları arasında informasiya dəqiqliyi ilə seçilən Real TV-nin yaranmasından 3 il ötür.
APA TV-nin xəbərinə görə, 2018-ci ilin martın 15-də fəaliyyətə başlayan Real TV qısa zamanda, kiçik komanda ilə böyük uğurlara imza atmağı bacarıb.
Baş redaktor Səbinə Ağayeva deyir ki, siyasi, iqtisadi və mədəniyyət xəbərləri ilə tamaşaçı qarşısına çıxan Real TV sənədli filmlər də təqdim edir: “Bilirsiniz ki, 2018-ci il martın 15-dən yayımdayıq. Həmin ili ciddi xəbər qıtlığı var idi. Düşünürəm ki, son üç ildə Azərbaycan tamaşaçısını xəbərlərlə təmin edə bilmişik. Siyasi, iqtisadi, sosial, mədəni, idman xəbərləri, texno xəbərlər yayımlanır. Ümumiyyətlə, deyə bilərəm ki, Real TV bir xəbər anbarıdır. Bununla yanaşı, sənədli filmlər də olur, bunlar təbii ki, xəbərdən yaranan sənədli filmlərdir”.
Real TV təkcə Azərbaycan auditoriyasını deyil, həm də dünyanın böyük bir hissəsini hər gün xəbərlərlə təmin edir. Televiziyada gün ərzində yerli və xarici xəbərlər, aktual mövzuların müzakirəsi və təhlili izləyicilərə təqdim olunur. Çin, Rusiya, Avropa və ABŞ-da da müxbir heyətləri olan Real TV 23 aprel 2019-cu ildə ümumrespublika televiziya yayımı üzrə müsabiqənin qalibi elan edilib. Hazırda 24 saat yayımlanır.
Jurnalist İlqar Mikayıloğlu Real TV-də xəbərə olan münasibət fərqlidir: “Xəbərin nə dərəcədə vacib olduğunu anlamaq çətin deyil. Biz də xəbərlə işləyirik deyə, biz xəbərə hərtərəfli baxırıq. Söhbət xəbəri verməkdən getmir, eyni zamanda onu xırdalamaq, təhlil etmək, gələcəkdə o xəbərdən hansı xəbərləri çıxartmaqdan gedir. Fərqə gəldikdə isə, bunu demək olmaz ki, bizik xəbər kanalı. Yox, var xəbər kanalı. Sadəcə olaraq, xəbərə olan münasibət fərqlidir. Mənə elə gəlir ki, tamaşaçı xəbər nöqteyi-nəzərdən olan aclığını bununla aradan qaldıra bilir”.
Əməkdar jurnalist Mahir Məmmədli Real TV-nin yarandığı dönəmdə ölkədə xəbər kanalına ehtiyac duyulduğunu deyir: “Real TV 3 il əvvəl yarandı və bu vaxt Azərbaycanda xəbər kanalına ehtiyac var idi. Real ilk gündən çalışdı ki, bu boşluğu doldursun. Çünki Azərbaycanda ixtisaslaşmış xəbər kanalı yox idi. Biz bu missiyanı öz üzərimizə götürdük. Biz çalışırdıq ki, xəbəri tamaşaçıya isti-isti çatdıraq. Bütün tədbirlərdən, hadisə yerlərindən canlı yayımlar edirdik”.
Xüsusi müxbir Simnarə Həmidqızı 3 il ərzində Real TV-nin böyük işlər gördüyünü bildirir: “Bu gün Real TV-nin 3 yaşı tamam oldu. Düşünürəm ki, yaşına görə böyük işlər gördü. Ən önəmlisi odur ki, ilk dəfə olaraq canlı yayım formatını teleməkana gətirdi. Burda işləməyin fərqliliyi operativlikdir, xəbərin içində olmaqdır. Real-da çalışmaq həm də reallıqları tamaşaçıya çatdırmaqdır”.
Xüsusi müxbir Samir Cabbarov da Real TV-nin fərqli xüsusiyyətlərinin olduğunu bildirir: “Rəsmi, dəqiq xəbərləri vermək, bizi fərqləndirən budur. Xəbərləri səhvsiz verdiyimizə görə tamaşaçının inamını da qazanmışıq. Real bunu verirsə, bu düzdür. Bunu biz müharibə, post-müharibə dövründə də gördük”.
Biz də Real TV-ni təbrik edir, uğurlarının davamlı olmasını diləyirik.
Fatma Zahidqızı,
Faiq Həsənov,
APA TV