Redaksiyaların başlıq siyasəti peşəkarlıqla üst-üstə düşürmü?

Bu gün bəzi xəbər saytlarına nəzər salarkən vəziyyətin heç də ürəkaçan olmadığını görürük. Bu tendensiya təəssüf ki, televiziyalardan da yan keçməyib. Məsələ burasındadır ki, bəzi hallarda xəbərdəki məzmun, öz başlığını tam olaraq əks etdirmir.

Bu vəziyyət təkcə oxucuları deyil, peşəkar jurnalistləri də narahat edir.

Hələ 5 il əvvəl saytlardan birində “Arif Quliyev öldü” başlıqlı xəbər paylaşılmışdı. Başlığı görən şəxs istər-istəməz mərhum Xalq artisiti Arif Quliyevin vəfat etdiyini düşünürdü. Halbuki ölən şəxs Lerik rayon sakini Arif Quliyev imiş.

Bu günlərdə Biləsuvar sakini Cavanşir Məmmədov toyda çıxış edərkən ürəktutmasından dünyasını dəyişib. Bəzi saytlarda isə bu hadisə “Cavanşir Məmmədov toyda çıxış edərkən öldü” başlığı ilə təqdim edilib. Oxucu isə vəfat edən şəxsin müğənni Cavanşir Məmmədov olduğunu düşünüb.

Peşəkar jurnalistlər deyirlər ki, yazıya diqqəti cəlbetmə vasitəsi olan manipulyativ başlıqlar qeyri-peşəkarlığın əlamətidir.

Bəs bu problemdən necə qurtulmaq olar? “Saxta başlıq virusu”nun kökündən həll edilməsi üçün nə etməliyik?

Baxmayaraq ki, zaman-zaman Mətbuat Şurası İP qazanmaq üçün ucuz, qeyri-peşəkar yollara əl atan, yanıldıcı və manipulyativ başlıqlarla oxucunu aldadan, qeyri-peşəkar fəaliyyətləri ilə ciddi mətbuata qarşı insanlarda inamsızlıq yaradan, peşəkar jurnalistikaya ciddi zərbə vuran media orqanlarına xəbərdarlıq etsə də, dəyişən heç nə yoxdur. Görünür peşəkar jurnalistika prinsiplərinə zidd olan təhrif edilmiş xəbər başlıqları ilə hələ çox mübarizə aparacağıq.

Müəllif | Apa.Tv
Apa.tv