ƏDV-nin müəyyən hissəsini necə geri qaytara bilərik? – YENİ QAYDALAR MÜƏYYƏNLƏŞDİ

Pərakəndə ticarət və ya iaşə obyektlərindən alınmış mallara görə ödənilən ƏDV-nin bir hissəsinin geri qaytarılması mexanizmi müəyyən edilib.

APA TV xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin baş idarə rəisi Elçin Məmmədov məlumat verib.

Onun sözləri görə, vətəndaşlar www.edvgerial.az portalında qeydiyyatdan keçərək alış-veriş edən və ya hər hansı xidmətdən yararlanan zaman ödədikləri ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 15%-ni, nağd ödənişlər üzrə 10%-ni geri ala bilərlər. Portalın əsas məqsədi iqtisadi şəffaflığı bərpa etməkdir: “Bu addımı biz nə üçün atmışıq? Bunu iqtisadiyyatın şəffaflaşdırılması üçün hər bir fiziki şəxs öz şəxsi mənafeyini təmin etmək üçün kassa çekini tələb edərsə tədricən real dövriyyələrin üzə çıxmasına nail olacağıq”.

Qaydalara əsasən, ƏDV-nin müəyyən hissəsinin qaytarılması zamanı 3 məqama diqqət yetirilməlidir. İlk növbədə, istehlakçı, yəni alış-veriş edən və ya xidmətdən yararlanan tərəf fiziki şəxs olmalıdır. İkincisi, satıcı və ya xidmət göstərən tərəf mütləq ƏDV ödəyicisi olmalıdır. Digər məqam isə satıcının yeni nəsil kassa aparatlarından istifadə etməsidir. ƏDV-in bir hissəsinin qaytarılması yalnız yeni nəsil kassa aparatlarının tətbiq edildiyi obyektlərdə mümkündür: “Yeni nəsil kassa aparatından alınmış çeklərdə olan 12 simvollu fiskal İD-sini elektron kabineti vasitəsilə sistemə daxil etməlidir. Əgər 12 rəqəmi əl ilə portala əlavə etmək yorucu olarsa biz fiziki şəxslər üçün əlavə və daha rahat xidmət təklif edirik. Bu zaman onlar bir kart mobil əlavəsini öz mobil telefonlarına əlavə edərək çeki yaxınlaşdırmalıdırlar həmin əlavəyə və onu skan edib təsdiq etməklə çekdə olan məlumatlar həmən an portala əlavə olunacaq”.

ƏDV-nin bir hissəsini geri almaq üçün vətəndaşlar şəxsiyyət vəsiqəsinin fərdi identifikasiya nömrəsi (FİN), doğum tarixi və mobil telefon nömrəsi vasitəsilə www.edvgerial.az portalında qeydiyyatdan keçməlidirlər. Bu zaman portalda həmin şəxs üçün elektron kabinet və burada virtual “pul qabı” yaradılır.

İstehlakçı alınmış malların dəyərini nağd və ya nağdsız qaydada ödəyə bilər. Nağd ödəmələr zamanı satıcı istehlakçıya onlayn nəzarət-kassa aparatının çekini təqdim etməlidir. Malların dəyəri nağdsız qaydada ödənildikdə və POS-terminal nəzarət-kassa aparatı ilə inteqrasiya olunmadıqda, istehlakçıya POS-terminaldan çıxarış da verilməlidir.

İstehlakçı nəzarət-kassa aparatının çekini aldığı tarixdən 90 gün ərzində www.edvgerial.az portalına müraciət edə bilər. Çekin çap edildiyi tarixdən 30 gün sonra ƏDV məbləğinin müvəkkil bank tərəfindən alıcının elektron kabinet açılarkən yaradılan virtual “pul qabı”sına yerləşdirilir.

İstifadəçilər toplanmış vəsait ilə kommunal, mobil, internet, TV, cərimə və sığorta ödənişlərini həyata keçirə, həmçinin ölkədaxili bank kartlarına köçürmələr edə bilərlər. Layihənin maliyyə partnyoru olaraq “Kapital Bank” ƏDV-nin geri qaytarılması ilə bağlı əməliyyatlar üzrə komissiya tətbiq etmir. Geri qaytarılan vəsait tam şəkildə virtual “pul qabı”na mədaxil olunur (vəsait bank kartlarına köçürülərək nağdlaşdırıldığı zaman müvafiq bankın tarif cədvəlinə uyğun istisnalar tətbiq edilə bilər).

Qeyd edək ki, bu qaydalar supermarket və digər pərakəndə ticarət obyektləri, restoran və kafelərdən alınmış mallara, göstərilmiş xidmətlərə görə ödənilən ƏDV-nin bir hissəsinin qaytarılması üçün tətbiq edilir. Yanacaqdoldurma məntəqələrindən neft və qaz məhsullarının alışı zamanı ödənilən ƏDV geri qaytarılmır.

 

Müəllif | Apa.Tv
Apa.tv