Regionlarda restoran və kafelər hansı qaydalarla işləyəcək?

Bu gündən bölgələrdə restoran, kafe və çay evlərində müştərilərə yerində xidmətlər bərpa olunub.

APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, ictimai iaşə obyektləri fəaliyyətlərini koronavirus infeksiyasının proflaktikasına dair metodiki göstərişlərə uyğun təşkil edəcəklər. Xaçmazda fəaliyyət göstərən restoranlardan birinin adminstratoru Tural Ağasıyev deyir ki, çalışdıqları restoranda bütün qaydalara riayət olunacaq.

Onun sözlərinə görə, bu gün səhər saatlarından etibarən artıq restoranda təmizlik işləri görülüb, bir neçə yerdə spirt və nəm salfetkalar qoyulub ki, müştərilər əllərini təmizlədikdən sonra müəssisəyə buraxılacaq: “Çalışacağıq ki, gün ərzində 3-4 dəfə qabaq-qacağımızı, personal və içəri daxil olan müştərilər təmizlənsin, spirtlənsin.  Maska və əlcək daimi olaraq istifadə olunacaq. Mətbəxdə isti su daimidir, qablar gün ərzində bir neçə dəfə qabyuyan maşında yuyulacaq. İşçilərimiz də daimi təlimatlandırırıq ki, qayda-qanuna və təmizliyə riayət etsinlər. İşçilərin iş paltarları ayrı olacaq, onlar işdən ayrılanda həmin paltarlar maşına atılaraq yuyulacaq, ütülənəcək. Səhər işə gəldikdə həmin təmiz paltarları geyinib işə çıxacaqlar”.

Qeyd edək ki, regionlarda ictimai iaşə obyektləri fəaliyyətə başlasa da Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeronda bu qadağa hələ də qüvvədədir.

 

Müəllif | Apa.Tv
Apa.tv