Rəmiş 75 yaşını Ağdamda qeyd etdi
Hər kəsin Rəmiş kimi tanıdığı xalq artisti Rafiq Hüseynovun 75 illik yubileyi Ağdamda qeyd edilib.
APA TV-nin Qarabağ bürosunun məlumatına görə, tədbir xalq artisti Mənsum İbrahimovun təşəbbüsü, Ağdam Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Quzanlı qəsəbəsindəki Muğam Mərkəzində baş tutub.
Yubiley mərasimində rayon ictimaiyyəti, ziyalılar, mədəniyyət işçiləri iştirak edib.
Tədbirin aparıcısı, əməkdar artist Azad Şükürov Rəmişin ömür yolu və bənzərsiz yaradıcılığı barədə məlumat verib. “Mən xəstə idim. Gəldim Ağdamın havası vurdu məni, sağaldım. Anam həmişə deyərdi, Əsgəran tərəfdən gələn küləkdən ehtiyatlı olun. Biz o hava ilə yaşayırıq. Qarabağ ana vətənimizdir. Yaşa dolanda hamı istəyir öz torpağına qayıda, orda yaşaya”.
“Rəmiş Ağdamın simvollarından biridir. Mən həmişə deyirəm ki, biz yorğun olsaq da, xəstə olsaq da, üzü Ağdama tərəf gələndə, Yevlaxın körpüsünü keçən kimi səsimiz açılır. Bəlkə də bu, psixoloji bir prosesdir. Biz bu torpaqdan güc alırıq. Bu səsi bu torpaqdan almışıq”.
Yubiley tədbirində xalq artisti Mənsum İbrahimov, əməkdar artistlər Təyyar Bayramov, Cabir Abdullayev, Elnur Zeynalov və gənc xanəndələrin, "Şur" və "Qarabağ" instrumental ansambllarının ifasında muğam, təsnif və xalq mahnıları səsləndirilib.