Rəşad Mahmudov: “Son dönəmlər bu virus uşaqlar arasında ciddi şəkildə yayılıb”

Həm ölkədə, həm də dünyada epidemioloji vəziyyətin gündən günə pisləşməsi bütün ölkələrin milli səhiyyə sistemləri üçün bir təhlükə yaradır. Son günlərdə həm ölüm hallarının artması, həm də yoluxmanın sürətinə baxdıqda görərik ki, bir sıra Avropa ölkələrində olduğu kimi ölkəmizdə də həyəcan təbili çalınır.

 

APA TV xəbər verir ki, deputat Rəşad Mahmudov deyir ki, aidiyyəti qurumlar bu məsələnin həlli və gələcəkdə ola biləcək problemlər qarşısında atılacaq addımlar ətrafında geniş müzakirələr aparırlar:  “Son dönəmlər ciddi şəkildə bu virus uşaqlar arasında yayılıb. Bu uşaqlarda ciddi fəsad yaratmasa da, onların ailələrində, ünsiyyətdə olduqları insanlar arasında virusun yayılmasına gətirib çıxarır. Bu isə ciddi şəkildə “alova benzin püskürtmə” effekti yaratmış olur. Bunu nəzərə alan hökumət bir sıra regionlarda məktəblərin bağlanmasına qərar verdi. Hesab edirəm ki, yaxın gələcəkdə yoluxmanın artım tempində öləzimələr başlanandan sonra məktəblər yenidən əyani formada təhsilə qayıda bilər”.

 

Rəqəmlər artdıqca sərtləşmə ilə bağlı risklər yaradır deyən Rəşad Mahmudov onu da vurğuladı ki, tibbi zərərlə yanaşı, sosial və iqtisadi zərərlərin olmaması üçün qoyulan bütün qaydalara əhalinin ciddi riayət etməsi vacibdir: “Ciddi sosial və iqtisadi, eləcə də tibbi zədələrin olmasını nəzərə alan hökumət məcbur qalmadıqca bütün ölkə boyu sərt karantin rejiminə keçməyəcək. Yalnız lokal alovlanma ocaqlarını söndürməklə mübarizə aparacaq. Daha sonra bu dalğa da sönməyə doğru getdikcə yenidən yumuşalmalara gedə biləcəyik. Bunun üçün əhali xüsusi diqqətli olmalıdır. Bir il ərzində öyrəndiyi bütün qaydalara əməl etməlidir”.

 

Havaların istiləşdiyi bir zamanda açıq havada maska taxılması qərarının aradan qaldırılmasının hələ ki mümkünsüzlüyündən danışan həkim onu da bildirdi ki, dalğanın şiddəti azaldıqdan sonra, xüsusilə açıq havada tək olduğumuz zaman maska istifadəsi ilə bağlı qanunvericilikdə lazım olan dəyişikliklər olunacaq.  

 

İlahə Vəliyeva,

Faiq Həsənov,

APA TV     

Müəllif | Apa.Tv
Apa.tv