Rəsmi Bakı Fransa XİN rəhbərinə cavab verdi – APA TV

“Aprelin 2-də Fransanın Avropa və xarici işlər naziri Stefan Sejurnenin Parisdə ABŞ dövlət katibi ilə birgə mətbuat konfransı zamanı Azərbaycana qarşı səsləndirdiyi əsassız iddialar növbəti dəfə Fransanın bölgədə açıq-aşkar gərginlik yaratmaq və sülh prosesinə mane olmaq səylərinin bariz nümunəsidir”. Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə belə deyib.

O, bildirib ki, Azərbaycan ərazilərini 30 ilə yaxın müddətdə işğal altında saxlayan, 1 milyona yaxın azərbaycanlını öz doğma torpaqlarından didərgin salan, kütləvi qırğınlar və insanlıq əleyhinə cinayətlər törədən Ermənistanın Fransa tərəfindən sülhpərvər ölkə kimi təqdim edilməsi bu ölkənin həm vasitəçiliyi dövründə, həm də 44 günlük vətən müharibəsindən sonra yürütdüyü siyasətin nə qədər saxta olduğunu nümayiş etdirir. Qeyd edib ki, Ermənistanın geniş şəkildə silahlanmasını həyata keçirən, bölgədə militarizmi təşviq edən Fransa tərəfinin Azərbaycanı aqqressiv ritorikada təqsirləndirməsi qəbuledilməzdir. “Fransa tərəfi anlamalıdır ki, onun tərəfindən həyata keçirilən bu kimi destruktiv fəaliyyətə nə qədər ki, son qoyulmayıb, bu həm Fransanın zərər görmüş imicinə, həm də hər vəchlə müdafiə etdiyi Ermənistana xeyir gətirməyəcək" deyə Ayxan Hacızadə vurğulayıb.

Müəllif | Apa.Tv
Apa.tv