Rəsmi Bakıdan Niderlandın qərəzli açıqlamasına münasibət – APA TV
Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə yerli medianın “Niderland Krallığının hökuməti Ermənistana yardım ayrılması barədə verdiyi 13 dekabr tarixli açıqlamada “etnik erməni anklavına qarşı Azərbaycanın hücumu nəticəsində 100 min erməninin öz evlərindən güclə qovulduqlarını” bəyan edib.
Bu açıqlamaya münasibətiniz nədir?” sualına cavab verib. Diplomat Niderland Krallığının hökumətinin sözügedən açıqlamasında ölkəmizə qarşı səsləndirdiyi fikirlərini qəbuledilməz adlandırıb. Bildirib ki, Azərbaycanın dəfələrlə ərazilərimizdə qanunsuz mövcudluğunu davam etdirən erməni silahlı qüvvələrinin bölgədə təhlükə mənbəyi olduğunu bildirməsinə və beynəlxalq hüquqa uyğun olaraq onların dərhal çıxarılmasına dair çoxsaylı çağırışlar etməsinə baxmayaraq, Niderland tərəfinin Azərbaycanın öz ərazilərində həyata keçirdiyi antiterror tədbirlərini tənqid etməsi qərəzli yanaşmanın bariz nümunəsidir. Ayxan Hacızadə 44 günlük Vətən müharibəsinin, habelə 2023-cü ilin sentyabr ayında həyata keçirilən 24 saatlıq antiterror tədbirlərinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Azərbaycanın suveren ərazilərində həyata keçirildiyini və ölkəmizin legitim üsullarla öz suverenliyini bərpa etdiyini bir daha xatırladıb.
Vurğulayıb ki, Azərbaycan heç vaxt erməni sakinlərini Qarabağdan çıxarmayıb və regionu tərk etməmək barədə Azərbaycanın çağırışlarına baxmayaraq, Ermənistana və digər ölkələrə miqrasiya etmək onların qərarı olub. Diplomat əlavə edib ki, Niderland tərəfinin bölgənin beynəlxalq hüquq prinsiplərinə hörmət əsasında gələcək inkişafı və tərəqqisinə maneçilik törədən bu kimi bəyanatlara son qoyması faydalı olardı.