Restoran, kafe və çay evləri fəaliyyətə başladı – MÜŞTƏRİ SIXLIĞI VARMI?
Xüsusi karantin rejiminin növbəti dəfə yumşaldılması ilə bir sıra iaşə obyektləri fəaliyyətini yenidən bərpa edib. Belə fəaliyyət sahələrinə restoran, kafe və çay evləri də daxildir. Bəs görəsən hazırda sözügedən obyektlərdə vəziyyət necədir?
Düzdür, paytaxtın kafe və restoranlarında xüsusi karantin rejimindən əvvəlki dövrdəki kimi sıxlıq müşahidə olunmasa da, sözügedən qərarın verilməsindən sonra bu sahədə xeyli canlanma müşahidə olunmaqdadır. İaşə obyektlərinin, xüsusilə də kafe, restoran və çayxanaların açılmasına ən çox sevinən isə obyekt sahibləridir:
Restoranlardan birində nəzarətçi işləyən Tamerlan Mehdiyev karantin müddətində çətinliklə qarşılaşdıqlarını deyir: “Neçə vaxtdır ki, insanlar karantində idi. Bu vəziyyət hamı üçün çətin idi. Həm maddiyyat tərəfindən, həm də evə qapanmaq tərəfindən insanlara çox çətin idi. Şükür allaha ki, bu gündən qərar çıxdı və fəaliyyətə başladıq. İnşallah yaxşı olacaq. Tez bir zamanda xəstəlik də yox olar. Sözsüz saat 08:00-dan 18:00-dək fəaliyyət göstərəcəyik. Amma çatdırılma xidmətimiz 24 saat fəaliyyət göstərir”.
Restoranlardan birinin adminstratoru Mehmet Kahraman isə bundan sonra işlərin qaydasına düşəcəyinə əmindir: “Əlbəttə ki, həyat yavaş-yavaş öz axarına düşəcək. Restoranların açılması qərarını müsbət qarşılayırıq. Bu, dövlətin aldığı gözəl qərardır. İnşallah, hər birimiz üçün xeyirli olsun. Hər şeyin yaxşılığa gedəcəyini təxmin edirik. Hər şey düzələcək. Amma bir anın içində olacaq deyə bir şey yoxdur. Bir qədər vaxt aparacaq. Dövlət olaraq, millət olaraq səbrli olub öhdəsindən gələcəyik”.
Yerli sahibkarlar kimi ölkəmizdə restoran işlədən xarici investorlar da Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi qərardan məmnundurlar. Paytaxta fəaliyyət göstərən hind restoranlarından birinin sahibi olan Muhammad Said deyir ki, hər şeyin əvvəlki vəziyyətə qayıdacağından çox ümidlidir: “Biz 2 ay evdə oturduq. Bu gündən bütün restoranlar fəaliyyətə başlayıb. İnşallah baxaq görək necə olacaq? İşləyirik ki, müştərilərimiz gəlsin. Çünki kirayə pulu, vergi ödəyirik, işçilərin maaşlarını veririk. Biz işləyirik ki, xarici ölkələrdən gələn turistləri qəbul edə bilək. Hələ bilmirik nə qədər turist gələcək? Hələ ki, bu gün müştəri qəbul etməmişik”.
Restoran sahibləri kimi müştərilər də sevinclidirlər. Amma restoran, kafe və çay evlərinin səhər saat 08:00-dan 18:00-a kimi işləməsindən narazı qalanlar da var:
Narazı qalanlardan biri də paytaxt sakini Telman Məmmədlidir: “Axşam saat 18:00-a kimi. Bunu səhər saat 08:00-dan yox, günorta 12:00-dan heç olmasa axşam 21:00-a kimi etsələr, dost-tanışla gedib oturmaq olar. Saat 18:00-a kimi vaxtdır. Tutalım günorta dostlarla gedib oturdun kafedə. 2 saatdan sonra deyirlər ki, durun çıxın gedin. Kafe bağlanır. Vaxtı 21:00-a kimi uzatsalar, daha yaxşı olar”.
Elvin Qurbanov isə verilən qərardan razıdır: “Bu qərarı çox gözəl qarşılayıram. Artıq üzü yaya doğru gedir. Hamı gəzmək, istirahət etmək istəyir. Oturub istirahət etmək baxımından kafe və restoranların açılması çox yaxşıdır. İnşallah, deyilən kimi izolyasiya qaydalarına da əməl edərik. Hər şey qaydasında olar. Allah xalqımızı qorusun. Hamıya xoş istirahətlər, sizə də təşəkkürlər”.
Səbinə Nağızadə də qərardan razı qalanlardandır: “Heç nə. Sevinirəm, amma ki, qorxumdan heç birinə getməmişəm. Qorxduğum üçün restorana getməmişəm”.
Qorxmayıb 2 aya yaxındır, evdə qalmağın stressini atmaq istəyənlər də az deyil. Eynən azyaşlı Havar Məmmədzadə kimi: “Evdə canım çox sıxılırdı, çox darıxırdım. Ən önəmlisi evdən çölə çıxa bilmirdim. Bura gəldiyim üçün xoşbəxtəm. 1 aydır ki, evdən çölə çıxa bilmirdim”.
Digər azyaşlı Anar Məmmədzadə də evdə qalmaqdan bezdiyini deyir: “Çox yaxşı oldu. Karantində qala-qala artıq bezmişdik. Çölə çıxmağımız çox yaxşı oldu. Hava alırsan, gəzirsən”.
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ qərargahın 15 may 2020-ci tarixli qərarı ilə bu gündən restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə yerində xidmətə saat 08:00-dan 18:00-dək icazə verilib.
Həmidağa Məcidov,
Əli Ələkbər,
APA TV