Rəsulzadənin doğum gününə həsr olunmuş beynəlxalq konfrans keçirilib
Bakıda Məhəmməd Əmin Rəsulzadənin doğum gününə həsr olunmuş beynəlxalq konfrans keçirilib.
APA TV-nin məlumatına görə, “Məhəmməd Əmin Rəsulzadənin ev-muzeyi” İctimai Qrupunun təşkil etdiyi “Məhəmməd Əmin Rəsulzadənin irsi Müstəqillik, Demokratiya və Dövlətçilik dəyərləri sistemində” mövzusunda baş tutan konfransda xarici qonaqlar, tarixçilər, ictimai-siyasi xadimlər və digər şəxslər iştirak ediblər.
“Borcumuzu qaytaraq. Məhəmməd Əmin Rəsulzadənin ev-muzeyi” təşəbbüsü üzrə yaradılan İctimai Qrupun üzvlərindən olan tarix üzrə elmlər doktoru, professor Solmaz Rüstəmova-Tohidi bildirib ki, Cümhuriyyətin qurucularından olan Məhəmməd Əmin Rəsulzadə Azərbaycan tarixində özünəməxsus yerə malikdir: “1919-1920-ci illərdə Cümhuriyyət liderləri Azərbaycanın müstəqilliyini dünya dövlətlərinə tanıtmaqla millətimizin müstəqil yaşamağa layiq və qadir olduğunu bir daha sübut etdilər. Bu gün bura Məhəmməd Əmin Rəsulzadənin qarşısında öz borcumuzu qaytarmaq üçün yığışmışıq”.
Tədbirdə Rəsulzadənin həyatından, Cümhuriyyət dövründəki fəaliyyətindən və mühacirətdə yaşadığı dövrün çətinliklərindən bəhs edilib.
Konfrans xarici qonaqların çıxışları ilə davam edib.
Həmidağa Məcidov,
Faiq Həsənov,
APA TV