Rezidenturaya qəbul qaydaları dəyişəcək
APA TV-nin məlumatına görə, dəyişikliklərlə bağlı keçirilən mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin (DİM) Yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsinin müdiri Natiq Əliyev bildirib ki, bu addım rezidenturaya qəbul prosesini sadələşdirəcək: “Bu il DİM tərəfindən baza fənləri üzrə imtahanın daha əvvəl keçirilməsi təklif olunub. Yəni tələbə artıq III kursu bitirəndə baza fənləri üzrə təhsillərini başa vurur. Artıq IV kursdan həmin tələbənin baza fənləri üzrə imtahan vermək şansı yaradılıb. 2020-2021-ci tədris ili üçün aparılan qəbulda bu dəyişikliklər öz əksini tapacaq”.
DİM rezidenturaya qəbul olmaq istəyən tələbələr üçün yeni dərs vəsaitləri hazırlayıb: “Bu vəsaitlər rezidenturaya qəbul proqramı əsasında hazırlanıb. Tələbə bu kitablar vasitəsilə tam əmin ola bilər ki, rezidenturada baza fənləri üzrə nailiyyət əldə edə biləcək. Bu vəsaitlər 8 fənn üzrə rus dilində hazırlanıb. 8 kitabdan bir neçəsi - İnsan anatomiyası, Bioloji kimya və Patoloji fiziologiya kitabı Azərbaycan dilinə tərcümə olunub”.
Xatırladaq ki, DİM-in təklifinə əsasən, Nazirlər Kabinetinin 20 dekabr 2019-cu il tarixli 488 nömrəli Qərarı ilə rezidenturaya qəbul qaydalarında dəyişiklik edilib.