Riyaziyyat müəllimi taxta üzərində rəsm əsərlərini necə yaradır?

Qusarlı riyaziyyat müəllimi 20 ilə yaxındır taxta üzərində yandırma üsulu ilə bir-birindən maraqlı əsərlər yaradır.

 

APA TV-nin şimal bürosunun məlumatına görə, rayonun Avaran kənd tam orta məktəbinin riyaziyyat müəllimi Nurulla Davudov rəsm çəkmək üçün də vaxt tapır. “İxtisasca riyaziyyat müəllimiyəm. Cavan yaşlarımdan rəssamlığa da həvəsimin olduğunu nəzərə alaraq bir hobbi kimi bu işə də başladım. İlk əvvəl qrafik işlər, sonra karikatura janrında xeyli işlərim oldu. Qəzet və jurnallarda dərc olundu. Daha sonra bu işi taxta üzərində yandırma işləri ilə əvəz etdim. Yandırma işi ilə təxminən 20 ildir ki, məşğulam”.

 

Belə əl işlərinin hazırlanmasına 10-15 gün vaxt sərf edən Nurulla müəllim əsasən təbiət mənzərələrini və adət-ənənələri əsərlərində əks etdirir. Rəsmləri çəkərkən elektriklə işləyən qurğudan istifadə edir: “Proses isə belədir: əvvəlcə düyünsüz taxta seçilərək hamarlanır. Sonra çəkiləcək şəklin eskizi cızılır. Bundan sonra yandırma üsulu ilə şəkil taxta üzərinə həkk olunur. Rəsmin korlanmaması üçün taxtanın üzərinə iki qat lak vurulur”.

 

Bu vaxta kimi yüzdən çox şəkil çəkən Nurulla Davudovun əsərləri bir çox sərgilərdə nümayiş etdirilib. Sərgi iştirakçıları adətən müəllifin riyaziyyat müəllimi olduğunu biləndə təəccüblənirlər.

 

Milli ornamentlərlə işlənən sənətkarlıq nümunələrinin satışı da həyata keçirilir. Taxta üzərində çəkilən şəkillər alıcılara ölçüsündən asılı olaraq 20-80 manat arasında təklif olunur.

 

Nurulla müəllim hazırda çalışdığı Avaran kənd tam orta məktəbində yaradılan xüsusi dərnəkdə bu sənətin də incəliklərini şagirdlərə öyrədir.

 

 

Müəllif | Apa.Tv
Apa.tv