Robotlar işğaldan azad olunan ərazilərdə nə edirlər?

FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin Mina Əleyhinə Xüsusi Təyinatlı Alayı işğaldan azad olunmuş əraziləri minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatlarını sürətli şəkildə davam etdirir.

Vətən müharibəsi bitdikdən sonra ərazilərin minalardan və partlamamış hərbi sursatlardan, müharibənin partlamamış qalıqlardan təmizlənməsi əməliyyatlarına müvafiq qurumların əməkdaşları ilə yanaşı, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Mina Əleyhinə Xüsusi Təyinatlı Alayı da cəlb olunub. Əməliyyatlar təyin olunmuş istiqamətlər üzrə, kənd və qəsəbələrdə, eləcə də içməli su hövzələrinin kənar ərazilərində, su kanalları boyunca aparılır. Əməkdaşlar ən müasir avadanlıqlarla təchiz olub və bu sahədə beynəlxalq kurslarda iştirak edərək akreditasiyadan keçiblər.

 

Bundan əlavə, nazirlik tərəfindən alınan “GCS (Global Clearance Solutions) – 200” markalı, kənardan idarəedilən, müasir minatəmizləyən robotlar işğaldan azad olunmuş rayonlarda piyada və tank əleyhinə minalarla çirklənmiş ərazilərin təmizlənməsi işlərində istifadə olunur. Robotlar qıraqdan idarə edilmə pultuna malikdir. İki kovuşdan ibarətdir: biri piyada əleyhinə minadan təmizləmə üçün, digəri isə tank əleyhinə olan minalardan təmizləmək üçün istifadə edilə bilir. Robotun ən əsas xüsusiyyətlərindən biri odur ki, bir saat ərzində 1500 kvadrat metr ərazini minalardan təmizləyə bilir. Bir robotu idarə etmək üçün bir istehkamçı, bir mexanik və bir qrup rəhbəri olur. Ərazidə partlayış baş verdiyi anda robot dayandırılır, hansı hissə zədə görübsə, o hissə bərpa edilir, ardından robot öz işinə davam edir. Robotun arxa hissəsində özünü dartma xüsusiyyəti var və robot 10 kiloqram tratil ekvivalenti gücündə partlayışa dözümlüdür. Yəni bu tip partlayış zamanı yalnız robotun qarşısındakı zədələnə bilər, digər hissələr heç bir zədə görmür.

Prosesə istehkamçılarla bərabər xüsusi təlim keçmiş itlər qoşulur. Ərazilərin partlamamış hərbi sursatlarla (PHS) çirklənmə miqyası həddindən artıq geniş olduğu üçün minaaxtaran itlərə ehtiyac yaranıb. Bu itlər çox sayda minaları və partlayıcı maddələri aşkarlama qabiliyyətinə malikdir.

 

Düşmən qadağan olunmuş üsullardan istifadə etməklə, ərazilərin minalanması zamanı heç bir standart, norma gözləməyib və ərazilər çox ciddi şəkildə minalanıb. Bütün bunlara baxmayaraq, ərazilərdə minatəmizləmə prosesi tam gücü ilə davam etdirilir. Qarşılıqlı əməkdaşlıq şəraitində müharibə qalıqları ilə çirklənmiş ərazilər aidiyyəti qurumların əməkdaşları ilə qarşılıqlı fəaliyyət prinsipləri əsasında təmizlənir. İşğaldan azad olunmuş ərazilərdə qeyd olunanlara paralel olaraq, quruculuq işləri də sürətlə davam etdirilir. 30 ildir doğma ata-baba yurdlarından didərgin düşmüş məcburi köçkünlərimizin, ərazilərə səfər edəcək vətəndaşlarımızın tam təhlükəsiz yaşaması üçün dövlət əlində olan bütün imkanlardan istifadə edir ki, ərazilərdə heç bir maneə qalmasın.

Müəllif | Apa.Tv
Apa.tv