Rövşən Rzayev: “Məcburi köçkünlər ehtiyatlı olsun, yanğınlar...”
“Bu gün ən ağrılı problemlərdən biri köçürülmə ilə bağlıdır”.
APA TV-nin məlumatına görə, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (QMKİDK) sədri Rövşən Rzayev deyib.
Bununla bağlı ölkə başçısının tapşırığına əsasən işlər görülür: “Bununla bağlı komissiya yaradılıb. Biz köçürülmə zamanı daha çox yataqxanalarda, pansionatlarda, məktəblərdə, bağçalarda, zirzəmilərdə qalanlara üstünlük veririk. Birinci Vitse-prezident Mehriban Əliyevanın tapşırığına əsasən, zirzəmilərdə yaşayan 300-ə yaxın ailə mənzillərlə təmin olunub. Amma çox təəssüf ki, yenə də bu kateqoriyadan olan ailələr var”.
Yataqxanalarda baş verən yanğınlarla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparıldığına diqqət çəkən komitə sədri qeyd edib ki, hadisələr ehtiyatsızlıqdan baş verir: "Yataqxanalarda naqillər çox həssas olduğu üçün belə hallar baş verir. Məcburi köçkünlər ehtiyatlı davranmalıdır".
Yataqxanalardakı elektrik naqillərinin hansı vəziyyətdə olub-olmadığı yoxlanılıb: “Onların təmiri ilə bağlı lazım olan vəsait aydınlaşdırılıb və komissiyanın rəyi hazırda Nazirlər Kabinetinə təqdim olunub".
Qeyd edək ki, sözü gedən komissiya Baş nazirin müavini Əli Əhmədovun tapşırığı ilə yaradılıb.