Rövzət Qasımov: “MSK kəskin və ciddi addımlar ata bilər”
“MSK araşdırma nəticəsində qanun pozuntuları aşkar edərsə kifayət qədər kəskin və ciddi addımlar atacaq”.
APA TV-nin xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında MSK sədrinin müavini Rövzət Qasımov deyib.
O bildirib ki, burada nəticələrin etibarsız sayılması, eyni zamanda cinayət kimi səciyyələndirilə bilən hallar aşkarlanarsa, MSK tərəfindən bununla bağlı müvafiq qurumlara müraciətlər ünvanlanacaq: “Həmçinin digər mənbə MSK-nın “Qaynar xətti”dir. Hazırda qurumun “Qaynar xətti”nə 280-ə yaxın müraciət daxil olub. Bu müraciətlər arasında texniki, sorğu xarakterli müraciətlər də var. Eyni zamanda bizim üçün araşdırma başlamağa səbəb olacaq müəyyən məlumatlar da var”.
MSK sədrinin müavini qeyd edib ki, komissiya üzvləri tərəfindən daxil olan xırda eyham belə ətraflı şəkildə araşdırılır. Yaxın günlərdə MSK-nın araşdırmalarının nəticələrinə adekvat olan addımlara şahidi olunacaq: “Ümumilikdə seçki prosesi rəvan, qanunvericiliyin tələblərinə uyğun şəkildə keçib. Ancaq milyonlarla insanın cəlb olunduğu prosesi neqativ hallar olmadan təsəvvür etmək mümkün deyil. Ən vacibi hər hansı neqativ halın baş verib-verməməsi deyil. Ən vacibi odur ki, hər hansı xoşagəlməz hal olan zaman ona adekvat reaksiya göstərilsin, müvafiq tədbir görülsün. MSK da bu addımları atacaq”.
Rövzət Qasımov 101 saylı Göygöl-Daşkəsən seçki dairəsində deputatlığa namizədin vəkilinin ölməsi ilə bağlı məsələyə də aydınlıq gətirib. Bildirib ki, məsələ ilə bağlı konkret fikir bildirmək çətindir. Bütün məsələlər araşdırılacaq və məlumatlar ilk növbədə KİV-ə çatdırılacaq.