Ruhi Əliyeva: “Kim deyir ki, xoşbəxt qadın var?”

“Azərbaycan cəmiyyətində qadın hər zaman əl üstündə saxlanıb. Qadına dəyər verilib, xoş sözlər deyilib. Çox təəssüf, indi belə deyil”. 

 

APA TV-nin məlumatına görə, Bakıda “Qadına şiddətə son” şüarı altında daha bir tədbir keçirilib.
 

Tədbirin təşkilatçılarından biri - sənət və biznes sahəsində tanınmış qadınlardan olan Ruhi Əliyeva deyir ki, övladlarının gözü qarşısında ananın qətlə yetirilməsi artıq cəmiyyəti ayağa qaldırmalı, qadın qətlləri baş verməməlidir. Müsahibim bir müddət əvvəl Bakı Beynəlxalq Avtovağzalı Kompleksinin ərazisində qadının həyat yoldaşı tərəfindən övladlarının gözü qarşısında öldürülməsi faktını yada salıb: “Biz bu qətlin qarşısında susduq, səssiz qaldıq, amma için-için ağladıq. Bunun üçün dövlət və hökumət qurumlarını qınamaqdansa, özümüzü tərbiyə etməliyik”.

 

Layihə təşkilatçısı şiddət nümayiş etdirənlərin əslində övladlarına zərbə vurduğunu deyir: “Rica edirəm, qadınlara dəyər verin, övladlarınızın qədrini bilin. Övladlar bizim gələcəyimizdir. Biz onları psixoloji travma altında böyütməməliyik. Burda 15 yaşlı bir qız var , atasının günahı ucbatından ayağını itirib”.

 

Ruhi Əliyeva qadın xoşbəxtliyinə inanmır: “Kim deyir ki, xoşbəxt qadın var? Bu ifadəni heç qəbul etmirəm. Xoşbəxt anlar, xoşbəxt hisslər var. Xoşbəxt qadın kimi görünmək olar. Amma sözün əsl mənasında xoşbəxt qadın olmaq üçün həyatında gərək hər şey bir-birini tamamlasın. Bizim həyatımızda hər şey tam deyil. Biz xoşbəxtliyi özümüz yaratmalıyıq. Biz isə boşluqları doldura bilmirik. Mən məsələn, deyirdim ki, ən xoşbəxt qadın olaram. Bəli, bunun üçün özümü xoşbəxt hiss edirəm, amma uşaqlar böyüdükcə nələr isə dəyişir və düşünürəm ki, bu belə olmasa, başqa cür olsa daha xoşbəxt olardım”.

 

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin dəstəyi, Liatris Holdinqin və Yeni Azərbaycan Partiyası (YAP) Qadınlar Şurasının üzvü, sahibkar qadın Ruhi Əliyevanın təşəbbüsü ilə “Qadına qarşı şiddətə son” şüarı ilə sosial aksiya keçirilib.

 

Müəllif | Apa.Tv
Apa.tv