Ruhi-əsəb xəstəsi DSMF-nin binasında yanğın törətdi

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Şəki şəhər Şöbəsinin pəncərəsinə və vətəndaşa məxsus avtomobilə naməlum şəxs tərəfindən benzin tökülərək az bir hissəsinin yandırılması ilə bağlı polis şöbəsinə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov APA TV-yə bildirib ki, daxil olmuş məlumat əsasında polis əməkdaşlarının keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində həmin əməli törətməkdə şübhəli bilinən şəhər sakini, 2010-cu ildən psixiatriya xəstəxanasında qeydiyyatda olan ruhi-əsəb xəstəsi Murad Əhmədov Yevlax rayonu ərazisində saxlanılaraq şöbəyə gətirilib. 33 yaşlı Murad Əhmədov həmin inzibati binada yerləşən Tibbi-Sosial ekspertiza komissiyasının korpusunu yandırmaq istəyib. O, əlində olan benzini binanın ön və arxa pəncərələrinə tökərək pəncərələri yandırıb. Yaxınlıqdakıların köməyi ilə yanğının qarşısı alınıb və yanğının genişlənməsi əngəllənib.

Faktla bağlı araşdırma aparılır, inzibati binaya və avtomobilə dəymiş ziyan araşdırılır.

 

Müəllif | Apa.Tv
Apa.tv