Rusiya FHN sabahdan Ağdamın 100 ha ərazisinin minadan təmizlənməsi əməliyyatına başlayacaq
Rusiya Fövqəladə Hallar Nazirliyinin 20 nəfərdən ibarət xüsusi heyəti Gəncə Beynəlxalq Hava Limanına enib. Əldə olunan razılaşmaya əsasən Rusiya Fövqəladə Hallar Nazirliyinin minatəmizləyənləri Azərbaycan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birgə Dağlıq Qarabağda ərazilərin minalardan təmizlənməsi əməliyyatlarında iştirak edəcəklər:
Rusiya FHN-nin “Lider” Mərkəzinin rəhbəri Anatoli Savvinin sözlərinə görə, ərazilərin minalardan təmizlənməsi üçün bütün texnika və lazım olan vasitələr var: “Hanası ərazilərdə işlər aparılacaq bunu Azərbaycan tərəfi ilə birgə müəyyən etmişik. Onu deyə bilərəm ki, nümayəndə heyətinin tərkibində ərazilərin minalardan təmizlənməsi üçün bütün texnika və lazım olan vasitələr var. Yerləri müəyyənləşdirəcəyik və ərazilər minalardan təmizlənəcək”
Birlikdə aparılacaq əməliyyatın ərazisi artıq müəyyən edilib. Fövqəladə Hallar Nazirinin müavini Raqim Lətifov Azərbaycan və Rusiyalı mütəxəssislərin ilkin olaraq Ağdam rayonunda minaların təmizlənməsi işini həyata keçirəcəyini bildirib: “Həmin əməkdaşlar Fövqəladə Hallar Nazirliyinin Ağdamın Quzanlı qəsəbəsində yerləşən Qarabağ Regional Mərkəzində yerləşəcəklər. Sabahdan etibarən Rusiya Federasiyanın Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyinin əməkdaşları ilkin olaraq Ağdam rayonu ərazisində ayrılmış 100 ha ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatlarına başlayacaqlar”.
Xatırladaq ki, əldə olunan atəşkəs razılaşmasından sonra Rusiya tərəfi daha öncə də Qarabağda müxtəlif humanitar missiyaların həyata keçirilməsi məqsədi ilə Gəncə Beynəlxalq Hava Limanının imkanlarından istifadə edib.
Fuad Nazimoğlu,
Mehdi Məmmədov,
APA TV