Rusiya güclənir, bəs NATO-nun fəaliyyəti niyə dayandırılır?
NATO-nun yeni genişmiqyaslı təlimləri başlayıb. Finlandiya, Norveç və İsveçin şimal bölgələrində keçirilən təlim iki həftə davam edəcək. Ümumilikdə, təlimdə 13 ölkədən 20 mindən çox hərbçi iştirak edir. Vəziyyəti yaxından izləyən Moskva təlimi təxribat adlandırıb. Maraqlıdır ki, NATO genişhəcmli təlim keçirsə də, bir çox siyasətçilər və hərbi ekspertlər təşkilatın sonunun yaxınlaşdığını bildirirlər. Bu proqnozla amerikalı iş adamı Devid Saks və milyarder İlon Mask da razıdır. Onlar fikirlərini belə əsaslandırırlar ki, təşkilatın yaradılma məqsədi SSRİ-yə qarşı idi və həmin ittifaq dağılıbsa, NATO-nun qalmasının bir mənası yoxdur. ABŞ-nin NATO-dakı keçmiş daimi nümayəndəsi İvo Daalderin məlumatına görə, Fransa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Tyeri Burxardt NATO-dakı həmkarlarına Ukraynada alyans qoşunlarının yerləşdirilməsi məsələsini nəzərdən keçirmək təklifi göndərib, lakin mənfi cavab alıb. Polşa parlamenti də Fransa prezidentinin “NATO həbrçiləri Ukraynada fəaliyyətə başlamalıdır” fikrinə münasibət bildirib. Vurğulanıb ki, Alyans qüvvələrinin Ukraynada aktiv fəaliyyəti yanlış addımdır və Ukraynanın hərbçilərə deyil, müasir sursatlara ehtiyacı var. Spiker Şimon Qolovnya çıxışında bildirib ki, hər hansı bir üzvün Ukraynada öldürülməsi təşkilata qarşı atılmış addım və NATO-ya hücum kimi qəbul ediləcək. “The Atlantic” jurnalında ötən il dərc olunan məqalədə qeyd olunub ki, Rusiya-Ukrayna müharibəsi Şimali Atlantika alyansının fəaliyyətinə təsir edəcək və hərbi təşkilat 2025-ci ildə dağılacaq. Yazıda əksər Avropa ölkələrinin təhlükəsizlik sahəsində maraqları ilə ABŞ Respublikaçılar Partiyasının maraqları arasındakı uçuruma toxunulub. Çünki alyansın əsas dağılma səbəbi də məhz bu ola bilər. Ukraynadakı münaqişə isə alyansın dağılması üçün katalizator rolunu oynamaq gücündədir və Respublikaçılar Ukraynaya kömək etməyin ekzistensial vəzifə olduğuna inanmırlar. Buna görə də Vaşinqtonun Ukraynanı dəstəkləməkdən imtinası təmin olunacaq. “Bu, ABŞ-ni Avropa üçün daha az etibarlı müttəfiq edəcək”, - deyə nəşrdə bildirib. Görəsən NATO dağıla bilərmi? Bu addımın atılmasında kimlər və ya hansı ölkələr maraqlıdır? APA TV-yə açıqlama verən siyasi şərhçi İlyas Hüseynov bildirib ki, Rusiya-Ukrayna müharibəsindən sonra Avropa başa düşdü ki, region üçün vacib olan amil təhlükəsizlik məsələsidir və NATO çətiri də elə də effektiv deyil. O əlavə edib ki, istənilən müharibə vəziyyətində ABŞ digər NATO ölkələrinin müdafiəsi üçün cəld reaksiya verə bilməyəcək. NATO dağılarsa, Vaşinqton hansı cinahda dayanacaq? ABŞ eks-prezidenti və hazırki namizəd Donald Tramp çıxışnda bildirmişdi ki, ABŞ təşkilata az pul ödəyən üzv ölkələri Rusiyadan qorumayacaq. “Tramp Putinə NATO-dakı bəzi müttəfiqlərimizi işğal etmək üçün dəvət göndərdi.” Bunu isə açıqlamasında ABŞ prezidenti Co Bayden deyib. O vurğulayıb ki, ABŞ tarixində heç bir prezident Rusiya qarşısında boyun əyməyib. Mediaya açıqlama verən qərb dəstəkli hərbi ekspertlərin məlumatına görə, Avropa ölkələrində sursat və döyüş texnikaları təchizatı zəifdir. Qeyd olunub ki, buna səbəb Avropanın müdafiə sənayesində istehsal imkanlarının yetərli olmamasıdır. Üstəlik o da vurğulanıb ki, hətta Avropa İttifaqı Ukraynaya bir milyon ədəd əl qumbarası tədarük edəcəyini bildirsə də, bu proses bir ildən çoxdur ki, yubanmaqdadır. Ümumiyyətlə, Rusiya-Ukrayna müharibəsi qlobal miqyasda daha geniş geosiyasi dəyişikliyi əks etdirdiyindən dövlətlər müdafiə immunitetlərini gücləndirirlər. Eyni zamanda ABŞ – dəki prezident seçkilərinin nəticəsi də NATO daxilindəki həmrəyliyə təsir edə bilər. Belə ki, əgər seçkilərdə Respublikaçılar qalib gəlsə, onda Rusiya ilə münasibətlər qismən loyallaşacaq. Bu isə digər müttəfiqlərin Vaşinqtonla bağlı narazılığı ilə nəticələnəcək. Beləliklə, NATO- nun parçalanması üçün kifayət qədər əsas var. Əlbəttə, bu, birdən – birə olmayacaq. Ancaq proses məhz Alyansın dağılmasına doğru gedir. Bundan sonra isə yeni dünya nizamı formalaşacaq.
Fuad Sadıqov APA TV