Rusiya mediası Moskvada onlarla şəxsi ölümdən qurtaran 15 yaşlı yeniyetmədən yazdı – APA TV
Moskva yaxınlığındakı Krasnoqorskda “Krokus Siti Holl”da törədilən terror aktı zamanı 15 yaşlı məktəbli İslam Xəlilov yüzdən çox insanı xilas edib.
Bu barədə “Komsomolskaya Pravda“ qəzeti məlumat yayıb. Bildirilib ki, məktəbli “Crocus City Hall”un qarderobunda yarımştat işləyib. Məlumata görə, səkkizinci sinif şagirdi “Piknik” rok qrupunun konserti zamanı qarderobda part-time işləyib və təsadüfən silahlı terrorçuların yanında olub. İslamın sözlərinə görə, o, təxminən yarım saat ərzində insanları binadan çıxarıb: " Atəş səsləri eşidildi. Dərhal qaçdım ki, insanları çıxartmaq lazımdır. "Arxa” çıxışların harada olduğunu bilirik.
Mən sakitcə çıxıb getsəydim, yüzlərlə adamın öləcəyini başa düşdüm. Kimi çıxarda bildimsə, çıxardım”. Onun sözlərinə görə, işə başlamazdan əvvəl fövqəladə hallar zamanı göstərişlər verilib və hadisə başlayanda göstərişlərə ciddi əməl edib. Atışma və sonrakı yanğın zamanı İslam şoka düşmüş kütləni dar keçiddən “Expo” pavilyonuna, sonra isə xidmət zonasından keçərək küçəyə və təhlükəsiz yerə apara bilib.
İslam deyib ki, O, özünü qəhrəman hesab etmir. Qəzet yazır ki, uşağın anası oğlunun hərəkətindən xəbər tutanda göz yaşlarını saxlaya bilməyib. Qeyd edək ki, “Crocus City Hall” ticarət mərkəzinin sahibi Araz Ağalarovun oğlu Emin Ağalarov da sosial şəbəkə hesabında paylaşım edərək İslama etdiyi yardıma görə təşəkkürünü bildirib.