Rusiya minlərlə ukraynalı uşağı hara aparıb? - Dəhşətli hesabat

Müharibə başlayandan bugünədək minlərlə ukraynalı uşaq Rusiya tərəfindən oğurlanıb. Bu barədə Yale Humanitar Tədqiqatlar Laboratoriyasının hesabatında qeyd olunub.    Bildirilib ki, 2022-ci ilin fevralından başlayan Rusiyanın Ukraynada apardığı hərbi əməliyyatlarda 17 yaşa qədər 6000-dən çox ukraynalı uşaq Rusiya vətəndaşı edilməsi üçün nəzərdə tutulmuş xüsusi müəssisələrə aparılıb. Həmin müəssisələr işğal edilmiş Ukrayna ərazilərində və Rusiya torpaqlarında qurulub. Hesabatda bildirilib ki, tədqiqatçılar düşərgələri müəyyən etmək və ukraynalı uşaqların varlığını təsdiqləmək üçün peyk görüntülərindən və sosial media yazıları kimi ictimai məlumatlardan istifadə ediblər.

Hesabatda yazılıb. “Ən azı 43 obyektdən ibarət geniş şəbəkə hazırlanıb. Ukraynalı uşaqlar Rusiyada bəzi ailələrə yerləşdirilib, bəziləri övladlığa götürülüb. Onlara Rusiya vətəndaşlığı və pasportları verilib. Beləcə Ukrayna vətəndaşlığından imtina ediblər.

Uşaqlar rusiyayönümlü təhsil proqramlarına məcbur edilir, onlara hərbi təlim verilir.

ABŞ dövlət katibi Antoni Blinken bildirib ki, həmin proqramının təfərrüatları da əldə edilib. Bu vicdansızlıqdır və dayandırılmalıdır.

Hesabatda vurğulanır ki, 32 düşərgə uşaqların köçürülməsi prosesi “inteqrasiya proqramları” adlanır. Bu düşərgələrdə ukraynalı uşaqlara Rusiya tarixi, dili və mədəniyyəti aşılanır.

Rusiya isə uşaqların tibbi müayinə, istirahət düşərgələri ilə təmin olunma, döyüş meydanlarından uzaqlaşdırılma üçün gətirildiyini bildirir.

Məlumatda o da qeyd olunub ki, valideynlər sağ olan uşaqlar məcburi şəkildə aparılıblar və təqdim olunan sənədlərdə qəyyumların kimliyi bilinmir. Ona görə də, valideynlərin övladlarının harada və kimlərin yanında olduqları barədə məlumatları yoxdur.

O da qeyd olunub ki, Rusiyanın uşaq hüquqları üzrə komissarı Mariya Lvova-Belova federal səviyyədə əməliyyata rəhbərlik edir.

O, 2022-ci ilin sentyabrın 28-də mediaya Mariupoldakı əməlliyyat zamanı valideynləri tərəfindən tərk edilən 30 körpənin, oktyabr ayında isə keçirdiyi mətbuat konfransında Donbasdan 350 kimsəsiz uşağın qəyyumluğa götürüldüyünü bildirib: “Sosial müəssisələrdə iki minə qədər yetim uşaq xüsusi hərbi əməliyyat zonasından Rusiyaya aparılıb. Donbassdan olan 350 yetim uşaq artıq övladlığa götürülərək Rusiyanın 16 regionunda məskunlaşdırılıb. Daha min uşaq üçün övladlığa götürmə prosedur hazırlanır. Bu uşaqlar haqqında məlumatlar tezliklə dövlət məlumat bankına yerləşdiriləcək və övladlığa götürən valideynlər və qəyyumlar, eləcə də bütün namizədlər üçün əlçatan olacaq”.

Hesabata o da bildirilib ki, Rusiyanın insan hüquqları üzrə komissarı Tatyana Moskalkova Mariya Lvova ilə sıx əməkdaşlıq edir və hökumətin proqramlarının məqsədini ört-basdır etmək üçün insan haqları adından istifadə edirlər.

Müəllif | Apa.Tv
Apa.tv