Rusiya “qara qitə”yə pulsuz taxıl verəcək, əvəzində isə... – Afrika ölkələri niyə Putini sevdi?

İnkişaf etməmiş ölkələr, zəngin təbii ehtiyatlara baxmayaraq, yoxsul cəmiyyətlər, artan hakimiyyət çevrilişləri... Bunlar “Qara qitə” adlandırılan Afrikanın son vaxtlar gündəmidir. Tarixdən bilirik ki, Afrika ölkələri daha çox fransızdillidir. Bunu siyasilər rəsmi Parisin qitədə apardığı imperializm siyasətinin tərkib hissəsi kimi izah edirlər və həmin ölkələri “frankofon” ölkələr adlandırırlar.

Maraqlıdır ki, son vaxtlar məhz elə frankofon ölkələrində də hakimiyyət çevrilişləri, üsyanlar, qiyamlar artmaqdadır. Sudan, Burkina Faso, Mali, Niger hakimiyyət çevrilişləri edilmiş ölkələrdir. Görəsən qitədə nə baş verir? Bəzi Qərb KİV-ləri Afrikadakı hadisələri  “Afrika Baharı” da adlandırır. Fransa və ya Qərb imperializmindən qurtulmasına sevinən qara qitəlilər ağ günə çıxacaqlar?

Hakimiyyət əleyhinə mitinqlərdə daha çox müzakirə olunan nüanslardan biri də iştirakçıların əllərində Rusiya bayraqlarının olmasıdır. Həttə Cənubi Afrika “İqtisadi Azadlıq Döyüşçüləri” partiyasının rəhbəri Julius Malema mitinqlərin birindəki çıxışında “Putin bizik, biz Putinik” şüarını da səsləndirdi. Afrikalılar Qərbin imperiliazim və ya istismar qollarını qırmağa çalışarkən niyə Rusiyanın dəstəyini istədilər? Yoxsa, baş verən hakimiyyət çevrilişləri Kremlin “əli” ilə həyata keçirilir? Siyasilər Rusiyanın Afrika fəthinin başlağıcını “Vaqner” özəl silahlı dəstələrin 2007-ci ildə Maliyə gəlişi ilə hesablayırlar. Hazırda isə adıçəkilən silahlı qruplaşma Liviya, Sudan, Madaqaskar, Anqola, Demokratik Konqo, Qvineya, Qvineya-Bisau, Mozambik və Zimbabvedə olmaqla, qitənin 10 ölkəsində siyasi və hərbi dairələrdə fəaliyyət göstərməkdir. Rusiya bu ölkələrdən başqa bir neçə orta Afrika ölkələrinə peşəkar hərbçilər göndərməklə həmin ölkələrdəki qoşun növlərinin hərbi hazırlığının təşkilini və eyni zamanda silah təminatını da həyata keçirməkdədir. İqtisadçılar qitədə şimala olan sevginin yaranmasını son illər Afrikanın “Sinqapur”u adlanan Ruandaya qoyulan Rusiya sərmayəsi və tətbiq edilən nüvə proqramı ilə bağlı olduğunu bildirirlər. Ümumi olaraq mənzərəni belə təsvir etmək olar ki, bölgədə sıxışdırılan Qərb boşluqlarını Rusiya doldurmaqdadır. Məsələnin həm də Qərbin Rusiyaya tətbiq edilən sanksiyaları sayəsində Kremlin boşalan Afrika bazarına girməsi kimi tərəfi var. Yəni ki, illərdir bu qitədə İngiltərə və Fransa hegemonluğu davam etsə də, səssizcə böyüyən Rusiya gücü diqqətdən kənarda qalıb. Bu halı isə konfliktoloqlar belə izah edirlər ki, iki ölkə arasında davam edən sərvət savaşı Kremlin bölgədə böyüməsinə imkan yaradıb. Rusiya özünü Afrikada 2019-cu ildə göstərməyə başladı desək, yanılmarıq. Həmin il Soçidə Rusiya-Afrika zirvə görüşü keçirildi. 4 il sonra, yəni 2023-cü ildə Sankt-Peterburqda növbəti zirvə görüşü keçirildi. Görüşdə Rusiya Prezidenti Vladimir Putinin çıxışı zamanı “Ölkəmiz afrikalı dostlara həm müqavilə əsasında, həm də pulsuz taxıl tədarük etməyə davam edəcək”, fikri qara qitə hökumətlərinin ürəyincə olsa da, Qərbi sanki ürəyindən vurdu.

Burada bir haşiyə də çıxmaq lazımdır ki, ümumilikdə qitənin təhsil səviyyəsi çox aşağıdır. Məsələn, Liberiyada ibtidai yaşlı uşaqların yarısından çoxu məktəbə getmir. Cənubi Sudanda uşaqların 59 faizi ibtidai təhsil hüququndan kənardır və ölkədə hər üç məktəbdən biri davam edən münaqişələr səbəbindən fəaliyyət göstərmir. Sudan 45, Niger 38 və Nigeriya 34 faizlə məktəbdənkənar uşaqların sayına görə ilk 10 ölkə arasındadır.

Belə qənaətə gəlmək olar ki, təhsil səviyyəsi geridə qalan qara qitə sakinləri təbii ki, artıq boy göstərən Kremlin, eləcə də Afrikaya texnologiya gətirmək istəyən və hətta sərmayələrini artıran Çinin xarici siyasət tarixindən demək olar ki, xəbərləri yoxdur.

Afrikanın Rusiyaya meyil etməsini bəzi siyasilər soyuq müharibə dövrü ilə əlaqələndirirlər. Belə ki, günümüzdəki bir çox rəhbər sahələrdəki şəxslər əsasən SSRİ –də təhsil alıblar. Ona görə də, Kremlin həmin ölkələrə birbaşa və ya dolayı yolla müdaxiləsinin asan olduğu qənaətindədirlər.

Qayıdaq ölkədəki hakimiyyət çevrilişlərinə. Nigerdə üsyan və hakimiyyət çevrilişinə cəhdə cavab olaraq Makron ölkəyə silahlı müdaxilə ediləcəyəini bildirdi. İlk reaksiya qonşu ölkə Nigeriyanın qərargah rəisindən gəldi və “Nigerə hər hansı silahlı müdaxilə bizə və digər Afrika ölkələrinə qarşı atılmış addım sayılacaq”, dedi.

Qeyd edək ki, Niger hərbçiləri milli televiziya ilə çıxış edərək, prezident Məhəmməd Bazumun vəzifəsindən uzaqlaşdırıldığını, sərhədlərin bağlandığını, əyalət miqyasında komendant saatlarının tətbiq olunduğunu və bütün qurumların fəaliyyətinin dayandırıldığını elan ediblər. Qeyd edək ki, Niger dünyada uranium metalının 5 faizinə sahibdir. Bu öılkədən çıxan uraniumun 95 faizinin istehlakçısı isə Fransadır. Nəzərə alsaq ki, Afrika su, kobalt eləcə də bir çox enerji yataqları ilə zəngindir, deməli siyasi və hərbi sahədə boy göstərən Rusiya ilə Qərbin yeni savaş meydanı “Qara qitə” ola bilər.

 

Fuad Sadıqov

APA TV

Müəllif | Apa.Tv
Apa.tv