Rusiya Ukrayna məsələsində Bakının mövqeyi necə olacaq?
Dünyada gündəminin hələ də əsas müzakirə mövzusu Rusiya və Ukrayna məsələsidir. Qərb mediası Rusiyanın tezliklə Ukraynaya hücum edəcəyini və bununla NATO-Rusiya müharibəsinin başlayacağını iddia edir. Rəsmi Moskva isə bu xəbərlərin heç bir əsası olmadığını deyir.
Maraqlıdır ki, bir çox xarici ekspertlər bu gərginliyin sakitləşməsi üçün yeganə ümidin Türkiyə və Azərbaycan olduğunu bildirirlər. Çünki yalnız rəsmi Bakı və Ankara bu məsələdə öz loyallığını qorumaqla tərəflərin sakitləşməsini, münasibətlərin yalnız danışıqlar yolu ilə həllini təlqin və təklif edir.
Ekspertlər düşünür ki, artıq rəsmi Bakının beynəlxalq siyasətdə vasitəçi olmağı prioritetə çevrilib. Onların fikrincə, bu məsələdən öncə də Türkiyə-Rusiya, Türkiyə-İsrail münasibətlərinin normallaşmasında Azərbaycanın müstəsna rolu olub.
Fevralın 15-də NATO-nun Baş katibi Yens Stoltenberq Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək təşəkkür etdi. Rusiya mətbuatı isə bu halı gərgin NATO-Rusiya münasibətlərinin Azərbaycan vasitəsilə sakitləşdirilməsi kimi dəyərləndirir.
Deputat Ceyhun Məmmədov deyir ki, indiki halda Azərbaycan nəinki NATO ilə, eləcə də bütün beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir: “Azərbaycan NATO ilə əlaqələrini gücləndirir. NATO da Azərbaycanla əməkdaşlığın möhkəmləndirilməsində öz töhfəsini verir və bunda maraqlıdır. Əlbəttə bu gün regionda çox ciddi proseslər gedir. Və Azərbaycan da özünün təhlükəsizliyinin təmin olunması, dövlətçiliyin, ənənələrin qorunması üçün öz addımlarını atır. Hesab edirəm ki, Azərbaycan NATO əlaqələri daha da inkişaf edəcək və Azərbaycan Avropanın enerji təhlükəsizliyinə öz töhfələrini verməyə davam edəcək. Bölgədə təhlükəsizliyin təmin olması istiqamətində NATO –AZƏRBAYCAN əməkdaşlığı uğurla davam edəcək.”
Deputat Ceyhun Məmmədov onu da bildirib ki, NATO-dan edilən təşəkkürdə həm də Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında oynadığımız rol yüksək qiymətləndirilib.
Maraqlısı isə budur ki, Rusiya mediasına açıqlama verən erməni siyasətçilər Azərbaycan Prezidentinin Stoltenberqlə Ukrayna məsələsini müzakirə etməsinə qısqanclıqla yanaşıblar. Erməni politoloq Suren Surenyanç deyib ki, rəsmi İrəvanın hətta adi xarakter daşıyan Qərb təmaslarına qısqanclıqla yanaşan Rusiya mətbuatı Azərbaycanı Rusiya-Ukrayna münasibətlərində vasitəçi obrazında görür.
Siyasi şərhçi Əziz Əlibəyli deyir ki, Azərbaycanın beynəlxalq arenada daha da güclənməsi ölkəmizi regionda və beynəlxalq məsələlərdə əsas söz sahibinə çevirir: “Baxın, Azərbaycan xarici siyasəti ilə bağlı qiymətləndirmələr hansı faktorlara söykənir? Azərbaycan rəhbəri NATO-nun baş katibi ilə Avropa İttifaqının rəhbərləri ilə, Avropa mərkəzçi dövlətlərin rəhbərləri ilə, o cümlədən bir sıra beynəlxalq təşkilatların rəhbərləri ilə vasitəçi qismində həyata keçirdiyi danışıqlar, münasibətlər özünün hansı mərhələsindədir? Bu baxımdan Ermənistanın hər hansı formada narahat olmağa ciddi şəkildə haqqı var. Mən elə hesab edirəm ki, bu bizim regionda da sülhə yönəlik addımların atılmasında bir çox ölkələrin, o cümlədən Ermənistanın da qoşulmasını təmin etməldir. Çünki bu baxışın və bütövlükdə bu istoqamətin alternativi yoxdur. ”
Siyasi şərhçi onu da əlavə edib ki, hazırda Azərbaycan Şərq-Qərb multikultural siyasi baxışlardan doğan müsəlman və xristian dostluğu platformalarına rəhbərlik missiyasını məharətlə yerinə yetirir.
Fuad Sadıqov
APA TV