Rusiya-Ukrayna müharibəsində yeni səhifə: Kremlə dronla kim hücum edib?

Dünya mediası dünəndən Kremlə edilmiş dron hücumunu müzakirə edir. Rəsmi Moskva israrla dronun Ukraynadan göndərildiyini iddia etsə də, Kiyev bu hadisədə əlinin olmadığını bildirir. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskva dron hücumunu “planlaşdırılmış terror aktı və prezidentə hücum cəhdi” kimi qiymətləndirir. Sözçü vurğulayıb ki, Rusiya bu hücuma cavab vermək haqqına sahibdir. Peskovun iddiasına görə, hücum 9 may Qələbə günü münasibətilə keçirilməsi planlaşdırılan parada təsir etmək üçün edilib.

Ukrayna Prezidenti Volodimir Zelenskinin mətbuat katibi Sergey Nikiforov isə bildirib ki, mü¬haribədə Ukrayna dövlətinin vəzifəsi işğal olunmuş əraziləri azad etməkdir, Moskvaya zərbələr endirmək deyil. Mətbuat katibi onlarda Kremlə gecə hücumları ilə bağlı informasiyanın olmadığını deyib.

Ağ Evin sözçüsü Jean-Pierre də dron hücumu ilə bağlı açıqlama verib. O deyib ki, ABŞ Ukraynanı Rusiya ərazisinə zərbə endirməyə təşviq etməyib. Dövlət katibi Entoni Blinken Ukrayna tərəfindən Kremlinə dron hücumu edilməsi ilə bağlı Moskvanın bəyanatlarını heç bir şəkildə doğrulaya bilmədiyini deyib və əlavə edib ki, Kremldən gələn hər məlumata şübhə ilə yanaşır. “Biz faktların nə olduğuna baxacağıq və faktları bilmədən məsələ ilə bağlı rəy bildirmək və ya fərziyələr irəli sürmək olduqca çətindir”, - deyə, Blinken əlavə edib. ABŞ-ın Müharibənin Tədqiqi İnstitutu isə hadisənin səhnələşdirildiyini iddia edib və bildirib ki, bu addıma səbəb Rusiya əhalisinə müharibənin yaxınlığını çatdırmaq, hər kəsin müharibədə iştirak etməli olduğunu göstərməyə çalışmaqdır. Hesabatda o da qeyd olunub ki, hadisə Rusiyanın Ukraynada digər əməliyyatlar aparması üçün bəhanə kimi də törədilə bilər. 

Tanınmış rusiyalı politoloq Sergey Morkov bildirib ki, bu ABŞ-ın planıdır və Ağ ev nüvə silahı ilə zərbə endirməməsi üçün Putini yavaş-yavaş əzməyə çalşır. Politoloq əlavə edib ki, Putinə ölümcül zərbə də hazırlanır. O israrla vurğulayıb ki, hücum ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinə tabe olan Ukraynanın hərbi kəşfiyyatı tərəfindən həyata keçirilib. Rusiya Dövlət dumasının eks-deputatı İlya Ponomaryov isə deyib ki, Kremlə hücumu Putinə qarşı çıxış edən silahlı müxalifət həyata keçirib və o, bu insanları şəxsən tanıyır.

Müəllif | Apa.Tv
Apa.tv