Rusiya-Ukrayna müharibəsinin final variantları: Kim udacaq, kim uduzacaq?

Bütün müharibələr kimi Rusiya ilə Ukrayna arasındakı müharibənin də sonu olacaq. Milyonlarla insanı ev-eşiyindən edən, ölümünə səbəb olan hadisələrin necə yekunlaşacağı hər kəsi düşündürür. Siyasətçilər, hərbi ekspertlər müxtəlif versiyalar irəli sürürlər. Aradan keçən 1 il 2 ay ərzində Rusiya-Ukrayna müharibəsi analitiklərin ssenarilərini və proqnozlarını alt-üst edib.

Bəs indiki ssenarilər hansılardır?
Tərəflərin baxış bucağı bir-birindən kəskin fərqləndiyi üçün Rusiya ilə Ukrayna arasındakı müharibənin bitməsi hazırki aylarda real görünmür deyən, siyasi ekspert Zaur Məmmədov bildirib ki, Ukrayna hakimiyyətinin əsas hədəfi bütövlükdə öz torpaqlarını işğaldan azad etməkdir. Rusiya isə əldə etdiyi torpaqları verməmək şərtilə danışıqlara hazır olduğunu deyir.


Bundan başqa, ortada Çin planı da var. Çin indiki halda atəşkəsin elan edilməsini və danışıqlara başlanılmasını təklif edir. Bu isə Qərbdə bəzi dairələri qane etmir və Qərb Ukraynanın istədiyi silahları ona satmaqla və ya verməklə məşğuldur. Hətta yaxın vaxtlarda Ukraynanın əks hücuma keçəcəyi ilə bağlı müxtəlif proqnozlar səsləndirilməkdədir.
 

 

Ekspert deyir ki, Qərb üçün hazırda Çin əsas hədəf kimi götürülür və ABŞ-ın məqsədi Çinə qarşı mübarizə aparmaqdır. Ona görə də bəzi məqamlarda ABŞ və Rusiya arasında müəyyən bazarlıq olur.


Hələ bir neçə il öncə Ukrayna ilə Rusiya arasında mütləq müharibə olacağı ehtimalını deyən analitiklər daha sonrakı mərhələlərdə münaqişənin bu qədər uzanacağı ilə bağlı reallığı qəbul etmək istəmirdilər.

Ekspertlərə görə, müharibənin bu qədər uzanmasının bir neçə əsas səbəbi var. Onlardan biri də budur ki, Rusiya qalib olmadığı halda müharibənin uzanmasında maraqlıdır. Çünki Rusiya Ukrayna ilə müharibənin məhz İraq və Suriyadakı müharibə kimi beynəlxalq gündəmdən düşəcəyini və diqqətdən kənarda qalacağını hesab edirdi.

Siyasi şərhçi Yeganə Hacıyeva isə düşünür ki, artıq müharibə həlledici mərhələyə girib.

Bəs bu günə qədər Rusiya-Ukrayna müharibəsi bizə nələri göstərdi?
Rusiyanın qlobal hərbi güc olmasilə bağlı mif dağıldı. Avropa İttifaqının yekdil və özünümüdafiə imkanlarına malik qlobal oyunçu olması mifi də alt-üst oldu. ABŞ Avropaya bir daha sübut etdi ki, Avropanın təhlükəsizliyi Amerikasız mümkün deyil.

 

Ekspertlər həmçinin vurğulayır ki, Rusiyanın Ukraynadakı mümkün məğlubiyyətinin həlledici səbəbi texnika deyil. Rusiya Ukraynada müharibəni mənəvi cəhətdən uduzub. Çünki öz qardaş xalqına qarşı ideologiyasını əsaslandıra bilmir. Rusiya öz cəmiyyətini belə müharibədə haqlı olduğuna inandıra bilmədi. Belə halda isə Rusiyanın qalibiyyəti mümkün deyil.



AYNUR QARA
HƏZRƏT BAYRAMLI
APA TV

Müəllif | Apa.Tv
Apa.tv