18:52 24 yanvar 2023 389
Ana səhifə Xəbərlər

Rusiya Ukraynaya raket atır, Bakıda mənzillər od tutub, yanır?

İlk olaraq üz tutduq Nizami rayonunda yerləşən və hamının “maklerlər bağı” kimi tanıdığı əraziyə. Qiymət artımını təsdiqlədilər. Bildirdilər ki, paytaxtda kirayə mənzil bazarında tələb artıb, buna görə də qiymətlər ceyran belinə qalxıb. Hazırda kirayə qiymətləri 300-3000 manat arasında dəyişir. Rieltorlar deyir ki, dodaq uçuqladan qiymətlər səbəbindən mənzillər elə əllərindəcə qalıb.

Evini kirayə vermək istəyən Yusif dayı da deyir ki, qiymətin artmasının əsas səbəbi hazırda ölkədə müşahidə olunan ümumi bahalaşmadır.

Araşdırmamız zamanı məlum oldu ki, Həzi Aslanov, Əhmədli, Xalqlar dostluğu, Netçilər, Qara Qarayev stansiyaları istiqamətində hər bir şəraiti olan 2 otaqlı evlər 500 manata qədər bahalaşıb. Hətta köhnə binalarda 250-350 manata verilən 1-2 otaqlı mənzillərin qiyməti indi 400-450 manat arasındadır. Bundan başqa, 5-6 ay bundan əvvəl Yasamal, Nərimanov, Nəsimi rayonlarında, "20 Yanvar", “Nizami” və digər stansiyaların yaxınlığında bir otaqlı kirayə mənzilləri 250-300, 2 otaqlıları 350-400 manata kirayə götürmək mümkün idisə, indi bu ərazilərdə ümumiyyətlə kirayə mənzil tapmaq müşkülə çevrilib. Elə buna görə də paytaxtda çalışan və sosial vəziyyəti ürəkaçan olmayan şəxslər Bakı kəndlərində, qəsəbələrində kirayə axtarmaq məcburiyyətindədirlər.

Daşınmaz əmlak bazarı üzrə ekspertlər də kirayə mənzil bazarında qiymət artımı faktını təsdiqləyirlər. Şəraitindən, otaq sayından və yerləşdiyi ərazidən asılı olaraq evlərin qiymətində təxminən 100-150 manat bahalaşmanın müşahidə olunduğunu deyirlər. Səbəbini də müxtəlif amillərlə əlaqələndirirlər. Bəs çıxış yolu varmı?

Ekspertlər bildirirlər ki, kirayə qiymətlərinin yüksəlməsinin bir səbəbi də müqavilə tələblərinin sərtləşməsidir. Ev sahibi kirayənişinlə müqavilə bağlayanda ödəyəcəyi vergini də kirayə pulunun üstünə qoyur. Bu hal çoxaldıqca isə bazarda yeni məzənnə formalaşmağa başlayır. Mütəxəssislər yaxın vaxtlarda kirayə bazarında qiymətlərin düşəcəyinə isə inanmırlar. Çünki bu sahədə hansısa önləyici tədbirlər görmək üçün konkret mexanizm mövcud deyil, qiymətlərin artmasına səbəb olan proseslər isə davam etməkdədir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın