Rusiya və Azərbaycan FHN əməkdaşları minatəmizləmə əməliyyatlarını davam etdirir
Rusiya və Azərbaycanın Fövqəladə Hallar Nazirliklərinin (FHN) əməkdaşları işğaldan azad olunmuş Azərbaycan torpaqlarının mina və partlamamış hərbi sursatlardan təmizləməsi əməliyyatlarını davam etdirir.
APA TV-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, son iki gündə mina təmizləyən robot maşınlar vasitəsi ilə 30-dan çox tank əleyhinə mina aşkarlanaraq zərərsizləşdirib. Azərbaycan Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Ramiz Hüseynov jurnalistlərə açıqlamasında bildirib ki, Rusiya FHN-in mütəxəssisləri Ağdamın işğaldan azad olan ərazilərində təmizləmə əməliyyatlarına başlayıb: “Bu əməliyyatlara Azərbaycan FHN-in mütəxəssisləri də cəlb olunub. Paralel olaraq razılaşdırılmış və təsdiq olunmuş tədris və təlim proqramına uyğun olaraq rusiyalı mütəxəssislərlə birlikdə tədris və təlim kursları da həyata keçirilir”.
Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyinin Ağdam rayonu ərazisində mina təmizləmə əməliyyatlarında iştirak edən “Lider” Mərkəzinin rəhbəri, general-mayor Anatoli Savvin Rusiya FHN-in birləşmiş dəstəsinin yanvarın 4-də Azərbaycana gəldiyini xatırladıb: “Rusiya FHN-nin birləşmiş dəstəsi Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan üçtərəfli razılığa əsasən, Azərbaycana təhvil verilmiş ərazidə humanitar mina təmizləmə əməliyyatları ilə bağlı tapşırığı icra edirlər”.
Anatoli Savvin həmçinin qeyd edib ki, bu günə 25 ədəd piyada əleyhinə mina zərərsizləşdirilib, iki min kvadratmetrdən çox ərazi minalardan təmizlənib.
Habil Aslanoğlu,
Arzu Quluyev,
APA TV