Rusiya və İsrail arasında münasibətlər gərginləşə bilər

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun fikirləri diplomatik qalmaqala səbəb olub.

 

APA TV xəbər verir ki, Lavrov İtaliyanın “Zona Bianca” xəbər kanalına müsahibəsində Ukrayna Prezidenti Vladimir Zelenskini Adolf Hitlerə bənzədib. O, Hitlerin də, Zelenskinin də yəhudi olduğunu bildirib.

 

“Əldə olunan faktlar, Ukraynadakı nasist elementləri bunu inkar etmir. Hitlerin də yəhudi qanı olduğuna inanıram və ən pis antisemitlərdən bəziləri yəhudilərdir” - deyə Lavrov bildirib. İsrail mediası yazır ki, nazir bu müsahibəni Zelenskinin Kiyevdə ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi ilə görüşündən sonra verib və qeyd olunub ki, Lavrovun aqressivləşməsinə səbəb görüşdə güclü dəstək almaq barədə gəlinən razılıqdır.

 

Lavrovun Zelenski barədə çıxışına İsrailin xarici işlər naziri Yair Lapid cavab verərək onu tənqid edib.

 

Sitat: "Bu, bağışlanmaz, qalmaqallı şərh və dəhşətli tarixi səhvdir. Biz üzrxahlıq gözləyirik.  Yəhudilər Holokostda özlərini öldürmədilər. Yəhudilərə qarşı irqçiliyin ən aşağı forması antisemitizmdə yəhudilərin özlərini günahlandırmaqdır. Nasist lideri Adolf Hitlerin antisemitizminə və altı milyon yəhudinin öldürülməsinə səbəb ola biləcək bəzi yəhudi mənşəli olduğuna dair davamlı sui-qəsd nəzəriyyələri tarixçilər tərəfindən dəfələrlə təkzib edilib” Sitatın sonu.

 

İsrail Xarici İşlər Nazirliyinin məlumatına görə, artıq Lavrovun açıqlamasına görə Rusiyanın bu ölkədəki səfiri Anatoli Viktorov Nazirliyə çağırılaraq tənbeh edilib.

 

Bu barədə Xarici işlər nazirinin müavini İdan Roll özünün rəsmi tvit hesabında paylaşım edib.

 

Fuad Sadıqov, APA TV

Müəllif | Apa.Tv
Apa.tv