“Rusiya və Qərb Ermənistanı Azərbaycana qarşı silahlandırıb” – Brüsseldə yeni hərbi pakt yaradılır?

Ermənistanın Baş naziri Nikol Paşinyan, ABŞ dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen aprelin 5-də Brüsseldə görüşəcəklər. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanı mediaya açıqlayıb ki, görüşün mahiyyəti Ermənistanın inkişafı ilə bağlı məsələlərin müzakirəsidir. Haşiyəyə çıxaraq qeyd edək ki, rəsmi Bakı işğal dövründə BMT TŞ-nin də dörd qətnaməsi ola-ola Aİ və ABŞ-dən belə qeyd-şərtsiz dəstək almayıb. Paşinyanın Brüssel səfərinə qayıtsaq, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova görüşlə bağlı Moskvanın narahatlığını ifadə edib və əlavə edib ki, bu görüş Kremlə qarşı atılacaq addımdır. Sitat: “Qərb Cənubi Qafqaza təsir etməklə region ölkələrinin anti-Rusiya gündəmində qalmasına, Moskva ilə çoxəsrlik əlaqələrin pozulmasına, fəaliyyətdə olan regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq mexanizmlərini yerindən oynatmağa çalışır. Qərbin təhlükəli planlarının reallaşması üçün əsas alət isə Ermənistandır” sitatın sonu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller isə brifinqdə bildirib ki, görüşün narahatlıq yaratması anlaşılan deyil. O, Brüssel müzakirələrinin gərginliyə səbəb ola biləcəyi ilə bağlı bəyanatlarla razılaşmır. Sitat: “Diqqət mərkəzində olan Ermənistana ticarət tərəfdaşlıqlarını şaxələndirməyə və humanitar ehtiyacları ödəməyə kömək edəcək iqtisadi davamlılıqdır. Bunun hər hansı bir ölkəni niyə narahat etdiyini başa düşmürəm.” sitatın sonu Düşünürəm ki, Brüsseldə ABŞ, Aİ və Ermənistan arasında keçiriləcək görüş qeyri-adi hadisədir və bu, fincanda fırtınanı xatırladır. Bunu APA TV-yə açıqlamasında britaniyalı siyasi şərhçi Neil Vatson deyib. O əlavə edib ki, görüş İrəvan və Bakı arasında davam edən sülh danışıqlarına mənfi təsir göstərə bilər. Siyasi şərhçi onu da vurğulayıb ki, sülh prosesi üçün müzakirələr ikitərəfli aparılmalıdır, üçüncü tərəfin bu məsələdə iştirakı şəxsi maraqlardan irəli gəlir. “Avropalı siyasətçilər Qarabağa qanunsuz səfərlər edərək Azərbaycan ərazilərində Bakının əleyhinə bəyanatlar səsləndirirdilər, bu gün Bakıdakı istintaq təcridxanasında ifadə verən və əli dinc sakinlərimizin qanına batan seperatçı rejimi dəstəkləyirdilər.” Bunu kanalımıza açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. O əlavə edib ki, bu fəaliyyətlər nəticəsiz qaldığı üçün indi Qərb Ermənistanla hərbi ittifaq yaratmağa başlayıb. Hərbi ekspert onu da əlavə edib ki, indi Rusiya Ermənistanın "hansı yuvanın quşu olduğunu" anlayıb, lakin ABŞ və Fransa Azərbaycana, İrana, Rusiyaya və Türkiyəyə qarşı fəaliyyətlərində Ermənistandan aktiv istifadə etmək üçün İrəvan ilə hərbi ittifaq yaradır.

Fuad Sadıqov

APA TV

Müəllif | Apa.Tv
Apa.tv