Rusiya və Ukrayna müharibəyə hazırlaşır?

Amerika Birləşmiş Ştatları Ukraynaya Rusiyanın sərhəddəki aktivliyi haqda xəbərdarlıq edib. Bu barədə Pentaqonun rəsmisi Con Kirbi məlumat verib. O bildirib ki, Rusiyanın fəaliyyətləri izlənilir, amma rəsmi Moskvanın planlarından xəbərsizdilər.

 

Con Kirbi məsələ ilə bağlı ABŞ-ın müttəfiqləri ilə danışıqlar apardığını da söyləyib.

 

Sosial şəbəkələrin Ukrayna və Rusiya seqmentində isə sərhəd istiqamətinə qatarlarla ağır texnikaların daşınması görüntüləri yayılmaqdadır.

 

Dombasda isə vəziyyət son günlər daha da gərginləşib.

 

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumatına görə, noyabrın əvvəlindən Rusiya Ukrayna sərhədi yaxınlığına və separatçıların nəzarət etdiyi ərazilərə 90 minə yaxın əsgər səfərbər edib.

 

Ukrayna Silahlı Qüvvələri Baş Qərargah rəisinin keçmiş müavini, general-leytenant İqor Romanenko hərbi vəziyyətin elan edilməsinə hazır olmağın zəruriliyindən danışıb.

 

Sitat: “Moskva hücuma fəal şəkildə hazırlaşır. Lakin Putin müharibəyə başlasa, o zaman Ukraynada onu “qan vannası” gözləyəcək, işğal isə davam edəcək” Sitatın sonu

 

Son bir ildə Ukrayna ordusunun “Bayraktar” PUA-ları ilə silahlanması rus hərbi rəhbərliyini də narahat edir. Üstəlik, Moksva bir neçə ay öncə Rusiyanın Ukraynadan ilhaq etdiyi ərazilərdə hava hücumundan müdafiə qüvvələrinin hər növ PUA hücumundan müdaifə qabiliyyətli olduğu barədə video da paylaşmışdı.

 

“Bir uzun zamandır ki, Türkiyə istehsallı PUA-ların fəaliyyətlərini izləyirik. Tam tərkibdə hücumları dəf etməyə hazırıq. Əgər Ukrayna hökuməti “Bayraktar” silahını bizə qarşı istifadə etsə, həmin an biz hədəfi zərərsizləşdirə bilərik.

 

Lakin oktyabrın 26-da Ukrayna Donbasda "Bayraktar TB2"-dən istifadə etdiyinin videosunu paylaşdı. Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı, general-leytenant Valeri Zalujnın mətbuata açıqlmasında kəşfiyyat-zərbə pilotsuz kompleksinin ilk dəfə olaraq döyüş məqsədilə istifadə olunduğunu və qarşı tərəfin D-30 haubitsa batareyasının Donbassda Qranitnoye kəndi yaxınlığında yerləşdirilmiş mövqelərinin zərərsizləşdirildiyini bildirdi. Zelenski hökuməti isə “Baykar” şirkəti ilə əlaqələrin daha da artacağı və ölkə ərazisində Türkiyədəki kimi analoji PUA istehsal müəssisələrinin tikilməsi üçün hazırlıqlara başlandığını bildirib.

 

Ukrayna Müdafiə Nazirliyindən verilən məlumata görə isə PUA-ların sayı hələlik 3 dəfə artırılacaq.

 

Məsələ ilə bağlı APA TV-yə açıqlmasında hərbi ekspert Ədalət Verdiyev bildirib ki,  Ukrayna müharibəyə başlamaq üçün kifayət qədər xarici siyasi dəstək toplaya bilməyib. O əlavə edib ki, rəsmi Kiyev yaxın aylarda bu məsələni beynəlxalq səviyyədə müzakirəyə çıxarılmasına nail ola bilər: “Bayraktarların tətbiqindən sonra Almaniya və Fransa Ukraynanı qınadı. Görünür, Avropa sərhədində münaqişə görmək istəmir. Halbuki, Avropa ölkələri yaxşı bilir ki, Ukrayna işğala məruz qalan ölkədir. Ukrayna bu məsələ ilə bağlı BMT-nin alt komitələrində hansısa qərarları əldə etməyə çalışmalıdır.  Bu beynəlxalq hüququn Ukraynanın əlini gücləndirəcək faktorlardır”

 

İki ölkə arasında gərginiliyin artması və müharibəyə çevrilməsi məsələsinə gəlincə isə hərbi ekspert onu bildirib ki, vəziyyət gərgin olaraq qalacaq, ancaq müharibə olma ehtimalı zəifdir: “Rusiya nüvə dövlətidir. Nə qədər zəifləmiş vəziyyətdə olsa da, əlində daha ciddi silah arsenalı mövcuddur.  Amma silahlar müharibələrdə sonuncu həlledici rol oynamır. Bildiyimiz kimi, Ukraynanın mübarizəsi ədalətli mübarizədir. Vəziyyə kifayət qədər gərgindir amma müharibənin qış aylarında başlayacağı ehtimalını zəif dəyərləndirirəm”.

 

Ekspertin fikrincə, yaz-yay aylarında Rusiya və Ukrayna arasında gərginliyin daha da artmasının şahidi ola bilərik.

Müəllif | Apa.Tv
Apa.tv