Rusiya XİN: Xovayev sülh sazişini müzakirə etmək üçün Bakıdadır
Bu günlərdə Rusiya XİN-in Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi Bakıda səfərdədir. APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib. Onun sözlərinə görə, rusiyalı diplomat Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanması perspektivlərini müzakirə etmək üçün Bakıya gedib: “Yaxın vaxtlarda Xovayev bu məqsədlə İrəvana səfər etməyi planlaşdırır”. Mariya Zaxarova Rusiyanın üçtərəfli bəyanatların icrasına önəm verdiyini əlavə edib. "Ümumilikdə Rusiya tərəfi Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması, Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası, vətəndaş cəmiyyətlərinin xətti ilə Bakı ilə İrəvan arasında təmasların möhkəmlənməsi də daxil olmaqla ali səviyyədə imzalanan Üçtərəfli bəyanatların icra olunmasını önəmli hesab edir. Bu, Cənubi Qafqazda dayanıqlı sülhün formalaşması şərtlərini təmin edəcək, hansı ki, bu, təkcə region dövlətlərinin deyil, o cümlədən onların qonşularının da maraqlarına cavab verir”.