Rusiyalı ekspertlər Xocalı faciəsi üçün ədalət tələb etdilər

“Rusiya Federasiyası Xocalı faciəsinə hüquqi qiymət verməlidir, bu cinayət soyqırımı aktı kimi qəbul edilməlidir”.

Bunu Moskvanın Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzində Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunan anım tədbirində iştirak edən rusiyalı ekspertlər bildiriblər. “Nasionalnaya Oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenko Xocalı faciəsini bəşəriyyət tarixinin sağalmaz yarası adlandırıb və əlavə edib ki, Xocalı Azərbaycan xalqının erməni silahlı birləşmələri və erməni terrorçuları tərəfindən törədilən soyqırımıdır. İqor Korotçenko hesab edir ki, bu gün təkcə Xocalı faciəsinin qurbanlarını yad etməklə kifayətlənmək olmaz və Rusiyanın dövlət Duması qətliamla bağlı qərar qəbul etməlidir.

Rusiya Siyasi tədqiqatlar İnstitunun direktoru, tanınmış politoloq Sergey Markovun fikrincə, bu gün Xocalıya ədalət onu törədənlərin cəzalandırılması, həm də Xocalı sakinlərinin evlərinə qayıtmasıdır.

Rusiyalı politoloq, Cənubi Qafqaz regionu üzrə siyasi ekspert Qriqori Trofimçuk bu vacib anım tarixini hər zaman xatırladığını söyləyib.

Siyasi ekspert Qriqori Trofimçuk onu da əlavə edib ki, Xocalı hazırda post-sovet və Avrasiya məkanında daha geniş yayılan qara nifrətin mənbəyidir və rusiyalılar bu ədalətin zəfər çalması üçün səylər göstərəcək.

Müəllif | Apa.Tv
Apa.tv