Rusiyaya 50 kq kəklikotu aparan soydaşlarımız aeroportu bir-birinə vurdu
Azərbaycandan Rusiyaya kəklikotu aparan soydaşlarımız hava limanında çaxnaşmaya səbəb olub. APA TV Haqqin.az saytına istinadən xəbər verir ki, üç Azərbaycan vətəndaşı həmyerlilərinin xahişi ilə Rusiyaya 50 kiloqram kəklikotu aparmaq istəyiblər. Gömrük yoxlaması zamanı isə hüquq mühafizə orqanlarının əməkdaşları kəklikotunu marixuana zənn edərək soydaşlarımızı saxlayıblar. Külli miqdarda narkotik vasitə yaxaladıqlarını zənn edən gömrük və polis əməkdaşları bu barədə baş idarəyə belə məlumat veriblər. Nə olduğunu anlamayan və rus dilini bilməyən həm yerlilərimiz isə çaşqınlıq içində olanları izləyiblər. Aparılan araşdırmalar zamanı isə əslində saxlanılan otun kəklikotu olduğu üzə çıxıb. Tərcüməçinin iştirakı ilə dindirilən şəxslər də heç vaxt narkotiklə işlərinin olmadığını və Nijnevartovskda kafe işlədən həmyerlilərinin xahişi ilə kəklikotu gətirdiklərini bildiriblər. Bütün olanlardan qəzəblənən gömrük əməkdaşları kəklikotunu müsadirə edib, soydaşlarımız barədə isə bəyan edilməmiş mallara görə inzibati iş açıblar.