Rusiyaya yaltaqlanan qərbpərəst demokrat Paşinyanın ikiüzlü siyasəti

İyunun 9-da MDB və Avrasiya İqtisadi İttifaqı ölkələrinin Soçidə sammiti keçirilib. Tərbirdə çıxış edən Ermənistanın Baş naziri Nikol Paşinyan sərsəm fikirlər səsləndirərək deyib ki, Qarabağda gərgin humanitar situasiya qalmaqdadır. Guya, Qarabağın ermənilər yaşayan hissəsində bir neçə aydır ki, qaz və elektrik enerjisi yoxdur və humanitar böhran davam edir. Təbii ki, Paşinyan Qarabağdakı ermənilərin Ermənistana səfərlərinin 10 noyabr 2020-ci il Bəyanatında əks olunmuş şəkildə, razılaşdırılmış qaydada həyata keçirildiyini yaxşı bilir. Laçındakı Nəzarət Keçid Məntəqəsindən istifadə edənlərlə bağlı dəfələrlə videolar paylaşılıb, mövcud reallığı dəyərləndirmək üçün bu videolara baxmaq kifayətdir. Açıq görünür, Azərbaycan Laçın-Xankəndi yolu ilə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətini təmin edir, təhlükəsizliyə tam zəmanət verir. Bütün bunları görmək istəməyən, görə bilməyən Paşinyan isə yalanlarına ara vermir. Erməni mətbuatı isə ona züy tutur. Özünü demokrat, Qərbin adamı kimi göstərməyə çalışan Nikol Paşinyan digər tərəfdən də Rusiyaya səfər edib yaltaqlanır, desək yanılmarıq. Ermənistan lideri Rusiyaya səfərində Vladimir Putinlə ikitərəfli görüş keçirib. Maraqlıdır ki, görüş barədə rəsmi mənbələrdə geniş məlumat olmasa da, erməni mediası bunu Paşinyanın Qarabağdakı sülhməramlıların fəaliyyət müddətinin artması barədə tərəflərin növbəti müzakirəsinin keçirilməsi təklifi kimi tirajlayıb. Xatırlayırsınızsa, bundan öncə də, 9 martda Moskvada paradda iştirak edən Paşinyan, daha sonra Kişinyovda Avropa sammitinə qatıldı. Görünür, qlobal, regional və Azərbaycanla münasibətlərdə konkret baxışı olmayan İrəvan Qərblə və Moskva arasında vurnuxmaqda davam edir. Ermənistan rəsmilərinin intensiv Qərb səfərləri fonunda Paşinyanın Moskva həvəsi nədən xəbər verir? Məsələ ilə bağlı fikirlərini bölüşən siyasi şərhçi Yeganə Hacıyeva bildirib ki, Paşinyandan balanslı siyasət aparacağı ilə bağlı gözləntilər olsa da, bu özünü doğrultmadı, Avropa Birliyindəki görüşdə Rusiya əleyhinə, Rusiyakı görüşdə Avropa Birliyi və ABŞ əleyhinə mesajlar verdi. Siyasi şərhçi onu da vurğulayıb ki, Ermənistan diplomatiyası hər zaman təzadlardan ibarətdir və əlavə edib ki, Rusiya – Ukrayna müharibəsində də Ermənistan İrandan Rusiyaya silahların daşınmasında iştirak edir. Yeganə Hacıyeva bildirib ki, Nikol Paşinyanın apardığı bu siyasəti bir cümlə ilə “hamıyla, hamıya qarşı” adlandırmalıyıq. Fuad Sadıqov APA TV

Müəllif | Apa.Tv
Apa.tv