Ruslan Əliyev qazlaşdırmanı izləmək üçün Qubaya gedib - APA TV
“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Quba rayonuna səfəri çərçivəsində Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev və millət vəkili Vahid Əhmədovla birlikdə rayonun Barlı kəndində qazlaşdırılma işləri ilə tanış olub.
Baş direktor kənd sakinləri ilə görüşərək vətəndaşları dinləyib.
Daha sonra bir qrup əməkdaş “Azəriqaz” İB-də faydalı işinə, nümunəvi əmək fəaliyyətinə görə Fəxri Fərman və hədiyyə ilə mükafatlandırılıb.
Ruslan Əliyev Aşağı Xanagah kəndində də qazlaşdırılma işləri ilə yaxından maraqlanıb. Ona kəndin qazlaşdırılması üçün uzunluğu 1930 metr nəzərdə tutulan küçə qaz xətlərinin 867 metr hissəsinin çəkilişinin başa çatdığı barədə məlumat verilib.
Ruslan Əliyev qarşıdan qış fəslinin gəldiyini bildirərək qazlaşdırılma işlərinin qısa zamanda başa çatdırılmasına dair tapşırıq verib. Bu ünvanda da görüş zamanı bir qrup əməkdaş baş direktor tərəfindən Fəxri Fərman və hədiyyə ilə mükafatlandırılıb.