Rüşvət alan müstəntiqə cinayət işi açıldı
Dövlət Sərhəd Xidmətinin İstintaq İdarəsinin sabiq müstəntiqi Nicat Acalov saxlanılıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, o, külli miqdarda rüşvət almaqda təqsirli bilinir. İttihama görə, kapitan N.Acalov narkotik alverinə görə həbs olunmuş Faiq Məmmədovun ailəsindən onu azadlığa buraxdırmaq vədi ilə 25 min manat pul alıb.
Onun barəsində Cinayət Məcəlləsinin 311.3.3-cü maddəsi (külli miqdarda rüşvət alma) ilə cinayət işi başlanıb. İş materialları baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib. N.Acalov saxlanıldıqdan sonra barəsində qətimkan tədbiri seçilib və o, ev dustaqlığına buraxılıb.
Məsələyə Dövlət Sərhəd Xidməti münasibət bildirib. Qeyd edilib ki, N.Acalov 2022-ci ildə işdən azad edilib və artıq DSX-nin hərbi qulluqçusu sayılmır.