Rza Diqqəti: "Azərbaycanda işlədiyim bu 4 ay müddətində Fransada 3 layihəm ləğv edilib"
Müharibənin soyuq üzünü, erməni vəhşiliyini çəkdiyi şəkillərlə bütün dünyaya çatdıran Reza Diqqəti Heydər Əliyev Mərkəzində mətbuat nümayəndələri ilə görüşüb.
APA TV xəbər verir ki, Xocalı Soyqırımı zamanı ermənilərin xalqımıza qarşı törətdikləri vəhşilikləri çəkdiyi şəkillər ilə şərh edən fotoqraf dəfələrlə ermənilərin təhdidi ilə üzləşib. Təzyiqlərin indi də davam etdiyini vurğulayan fotoqraf Azərbaycanda işlədiyi 4 ay müddətində Fransada 3 layihəsinin ləğv edildiyini qeyd edib.
Diqqəti birinci Qarabağ müharibəsində erməni əsirliyində olan Azərbaycanlılarla, Azərbaycan tərəfində olan erməni əsirlərinin fərqini də fotokamerasının yaddaşına köçürüb: “Ermənilər Azərbaycanlıların əsiri olublar. Bunların vəziyyətinə, şəraitinə baxın. Bunlar da Azərbaycanlılardır ki, 3 həftə ermənilər tərəfdə əsirlikdə olublar. Əsirlikdə olan Azərbaycan vətəndaşları o qədər ac-susuz qalmışdılar ki, gəzə bilmirdilər. Bu vətəndaş maşından düşəndə yeriyə bilmirdi. Onlara necə işgəncə verildiyini özləri danışırdılar”.
Fotoqraf indiyə kimi 33 kitabının çap edildiyini, onların içində Azərbaycana aid nəşrlərin də yer aldığını diqqətə çatdırıb. Daha sonra Reza Diqqətinin fotolarından ibarət videoçarx nümayiş olunub.
Torpaqlar işğaldan azad olunduqdan sonra yenidən Ağdama səfər etdiyini bildirən fotoqraf, onun o vaxt çəkdiyi yerlərin heç birinin indi qalmadığını vurğulayıb. Həmçinin birinci və ikinci Qarabağ müharibəsində çəkdiyi şəkilləri də müqayisə edib.
Reza Diqqəti Azərbaycanda şəhid uşaqlarına foto dərslər keçmək niyyətində olduğunu da qeyd edib: "Daha sonra bu uşaqların şəkillərindən ibarət sərgi keçirmək istəyirəm. Ümumiyyətlə, gələcəkdə Şuşada böyük bir foto sərgi keçirməyi düşünürəm. Çünki Prezidentin də dediyi kimi, Şuşa mədəniyyət paytaxtı elan edilib, buna görə də Şuşada nəhəng bir foto sərginin keçirilməsi yaxşı olardı".
Məşhur fotoqraf Qarabağ müharibəsi zamanı istifadə etdiyi fotokamerasını satışa çıxaracağını, əldə edilən gəliri isə “YAŞAT” Fonduna köçürəcəyini qeyd edib.