Sabah Bakıya yağış, rayonlara qar yağacaq - PROQNOZ

Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gündüz  yarımadanın bəzi yerlərində arabir yağış yağacağı ehtimalı var. 

 

ETSN-nin Milli Hidrometeorologiya Xidmətindən APA TV-yə verilən məlumata görə, şimal-şərq küləyi əsəcək, gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. 

 

Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6, gündüz 8-11, Bakıda gecə 4-6, gündüz 8-10 dərəcə isti olacaq.

 

Atmosfer  təzyiqi normadan yüksək 774 mm civə  sütunundan 768 mm civə  sütununa enəcək, nisbi rütubət  gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək.  

 

Sabah Azərbaycanın rayonlarında arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.  Havanın temperaturu  gecə 3-6,  gündüz 7-10, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz  2-5 dərəcə  isti olacaq.   

 

Tibbi-meteoroloji proqnoza görə, noyabrın 20-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

 

Müəllif | Apa.Tv
Apa.tv