Sabah bu yollar bağlanacaq - 7 MARŞRUT XƏTTİNİN İSTİQAMƏTİ DƏYİŞDİRİLİB

Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Bakı şəhərində bəzi avtomobil yolları bağlı olacaq. Belə ki, Xocalı prospekti, həmçinin bu prospektlə kəsişən və yaxud paralel olan avtomobil yollarında istiqamətlər dəyişdiriləcək.

 

APA TV-nin məlumatına görə, bu barədə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

 

Onun sözlərinə görə, sabah səhər saat 8-dən etibarən Xocalı prospekti boyunca avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq. “Paytaxtın Nəcəfqulu Rəfiyev küçəsi ilə Xocalı prospekti kəsişməsindən avtomobillərin hərəkəti yalnız düzünə Nobel prospekti istiqamətindən müəyyənləşdirilib. Eləcə də, Neftçilər prospekti, Yusif Səfərov küçəsi kəsişməsindən yalnız Nobel prospekti istiqamətindən müəyyənləşdirilib. Həmçinin Yusif Səfərov küçəsi, Xocalı prospekti kəsişməsi istiqamətində paytaxtın Afiyəddin Cəlilov küçəsində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub və istiqamət dəyişdirilib”.

 

Anım mərasimi ilə əlaqədar Xocalı prospektində və bu istiqamətdə kəsişən və ya paralel olan Mehdi Mehdizadə, Kamandar Əhmədov, Ayaz İsmayılov, Süleyman Vəzirov və İzzət Orucov küçələrində də avtomobillərin hərəkəti məhdudlaşdırılacaq və istiqaməti dəyişdiriləcək. 

 

Xocalı Soyqırımının 28-ci ildönümü ilə əlaqədar 7 marşrut xəttinin də trayektoriyası dəyişdiriləcək.

 

Bakı Nəqliyyat Agentliyininin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyir ki, dəyişiklik anım mərasimi bitənə kimi qüvvədə qalacaq. “Ümumilikdə 7 müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət trayektoriyası dəyişdirilmişdir. Bunlar 4, 21, 30, 32, 46, 49 və 175 nömrəli avtobuslardır”.

 

Qeyd edək ki, müntəzəm xətt üzrə avtobuslar digər nəqliyyat vasitələrinin yönləndirildiyi alternativ küçə və prospektlərdən keçməklə hərəkət edəcək”.  

 

İsa İsmayılov

Faiq Həsənov, APA TV

Müəllif | Apa.Tv
Apa.tv