Həftəsonu intensiv yağış və sulu qar yağacaq - XƏBƏRDARLIQ

Sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, gecəyə doğru yağışın sulu qara keçəcəyi gözlənilir.

 

Milli Hidrometeorologiya Xidmətindən APA TV-yə verilən məlumata görə gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim şimal küləyi əsəcək, arabir güclənəcək. 

 

Havanın temperaturu Bakıda və  Abşeron yarımadasında gecə 1-3, gündüz 5-7 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunundan 772 mm civə sütununa yüksələcək, nisbi rütubət  85-95 faiz təşkil edəcək. 

 

Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Duman olacaq, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

 

Havanın temperaturu  gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-6 dərəcə isti, dağlarda gecə 7-12, gündüz 0-5 dərəcə şaxta olacaq. Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

 

Tibbi-meteoroloji proqnoza görə, fevralın 20-21-də  Abşeron  yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

 

XƏBƏRDARLIQ

 

Bakıda və Abşeron yarımadasında fevralın 20-si gündüzdən 21-i gündüzədək arabir yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, 15-18 m/s, yarımadanın bəzi yerlərində arabir  20 m/s-dək güclənəcək.

 

Azərbaycanın rayonlarında fevralın 20-si səhərdən 21-i gündüzədək hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, ayrı-ayrı yerlərdə  intensiv və güclü olacağı gözlənilir. Qərb küləyi əsəcək, bəzi  yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı gözlənilir.   

Müəllif | Apa.Tv
Apa.tv