Güclü külək əsəcək - XƏBƏRDARLIQ
Ölkə ərazisində sabaha olan hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən APA TV-yə verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Sabah səhərdən başlayaraq, 17-si səhərədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir.
Havanın temperaturu Abşeron yarımadasında gecə 7-11, gündüz 15-18, Bakıda gecə 8-10, gündüz 15-17 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi 758 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.
Rayonlarda da sabah axşamdan 17-si səhərədək hava şəraitinin qısa müddətə qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Qərb küləyinin sürəti 15-20 m/s təşkil edəcək, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.
Çaylarda sululuğun artacağı istisna olunmur.
Havanın temperaturu gecə 5–9, gündüz 19-24, dağlarda gecə 0-5, gündüz 8-13 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza əsasən, Abşeron yarımadasında atmosfer təzyiqinin yüksəlməsi fonunda xəzri küləyinin güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.