Sabaha olan hava proqnozu açıqlanıb
Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən APA TV-yə verilən məlumata görə, səhər duman olacaq, şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 12-15, gündüz 19-24, Bakıda gecə 12-14, gündüz 21-23 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz təşkil edəcək.
Sabah rayonlarda da bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Gecə və səhər duman olacaq, şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 9-14, gündüz 20-25, dağlarda gecə 2-7, gündüz 8-13 dərəcə isti olacaq.