Sabiq rektor: Abır-həyamı o qədər itirməmişəm

Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri Dürdanə Əliyevanın cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib.APA-nın məlumatına görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda BSU-nun sabiq rektoru, barəsində məcburi gətirilmə qərarı çıxarılmış Nurlana Əliyeva şahid qismində ifadə verib.Nurlana Əliyeva 2 saata yaxın davam edən ifadəsində bir çox məsələlərə toxunub. Sabiq rektor onun təyinatına qədər universitetdə ciddi problemlər olduğunu bildirib. Qeyd edib ki, universitetin maliyyə sistemində o qədər pozuntu vardı ki, yoxlama zamanı Hesablama Palatası da baş aça bilmədi. Nurlana Əliyeva təqsirləndirilən şəxsin onunla bağlı fikirlərini birmənalı şəkildə təkzib edib, Dürdanə Əliyeva ilə heç bir işbirliyinə girmədiyini deyib. O bütün günahların Dürdanə Əliyevada olduğunu, onun inamından sui-istifadə edildiyini söyləyib. Sitat: “Möhtərəm hakim, Dürdanə Əliyeva mənim 5 illik fəaliyyətimə kölgə salmağa çalışdı. Mən o qədər abır-həyamı itirməmişəm ki, 70 yaşımda dövlətin puluna əl atım. İstər həyat yolum, istər dövlət tərəfindən mənə göstərilən etimad bu işlərlə məşğul olmağıma imkan verməz, mənə yaraşmaz... Evdən mürəbbə, şəkərbura-paxlava gətirirdim ki, universitetin pulu getməsin. Mənim təbiətim buna imkan vermir”. Prokuror Nurlana Əliyevadan 3 il ərzində əyani və qiyabi şöbədə baş verənlərdən xəbərsiz qalmasının səbəbini soruşub. Keçmiş rektor bunun səbəbini pandemiya zamanı universitetdə yaranan vəziyyətlə əlaqələndirib. O, həmçinin Dürdanə Əliyeva ilə heç bir işbirliyinin olmadığını vurğulayıb.Təqsirləndirilən Dürdanə Əliyeva da sabiq rektorun ifadəsinə münasibət bildirib. O, deyib ki, universitetdən məcburi çıxarıldıqdan sonra təhvil-təslim olub, lakin həmin vaxt heç bir problem aşkar edilməyib.

Nurlana Əliyeva isə şahidin dediklərini təkzib edərək, təhvil-təslim vaxtı hər şeyin üzə çıxdığını deyib.Proses aprelin 10-da davam etdiriləcək.

Müəllif | Apa.Tv
Apa.tv