Sabirabadda 2 piyadanı maşın vurdu, biri öldü - SÜRÜCÜ QAÇIB
Sabirabad rayonunda piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələri baş verib.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, ötən gün axşam saatlarında Sabirabad şəhərinin Heydər Əliyev prospektində “VAZ-2107” markalı avtomobil yolu keçən Sabirabad şəhər sakini, 1939-cu il təvəllüdlü Əli Feyruz oğlu Xudiyevi vurub. Piyada ağır xəsarətlərlə Şirvan Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib və bu gün günorta saatlarında orada ölüb.
Digər hadisə gecə saatlarında Sabirabad rayonunun Kürkəndi kəndində qeydə alınıb. Naməlum sürücünün idarə etdiyi avtomobilin vurduğu kənd sakini, 1999-cu il təvəllüdlü Əhməd Sabit oğlu Zülfüqarovu kənd sakinləri yol kənarında huşsuz vəziyyətdə aşkar ediblər. Ə.Zülfüqarov ağır kəllə-beyin travması diaqnozu ilə Şirvan Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Hazırda avtomobilin tapılması istiqamətində tədbirlər həyata keçirilir.
Hər iki faktla bağlı araşdırma aparılır.