Sabirabadda həkimi ölən, binası dağılan tibb məntəqəsi

Sabirabadın Muğangəncəli inzibati ərazi vahidliyində yerləşən həkim məntəqəsi bərbad vəziyyətdədir.

 

Sakinlərin APA TV-nin yerli bürosuna verdiyi məlumata görə, əhalisi 7 mindən çox olan Muğangəncəli inzibati ərazi vahidliyi 4 kəndi əhatə edir.

 

Adı həkim məntəqəsi olsa da hazırda məntəqədə həkim yoxdur. Sakinlər deyir ki, məntəqənin həkimi vəfat edib və hələ ki, onun əvəzinə təyinat olmayıb. Hazırda məntəqədə iki feldşer, üç tibb bacısı xidmət göstərir. Amma onlar da çox vaxt iş yerində tapılmır, qəzalı binada oturmaq istəmirlər.

 

Məsələ ilə bağlı TƏBİB-in ictimaiyyətlə əlaqələr şöbəsi ilə əlaqə saxladıq. Bildirildi ki, qeyd edilən tibb məntəqəsində əsaslı təmir işlərinin aparılması gələn il üçün nəzərdə tutulub, müəssisənin adı 2023-cü ilin dövlət proqramına daxil edilib.

 

Qeyd edək ki, uçuq-sökük, qeyri-steril, ömrünü başa vurmuş məntəqə birinci Qarabağ müharibəsində şəhid olmuş Təvəkkül Səfərovun adını daşıyır.

 

Əlibəy Zeynallı,

Elçin Həsənov, APA TV

 

Müəllif | Apa.Tv
Apa.tv