Sabirabadda silsilə oğurluqlar edən keçmiş məhkum yaxalandı

Sabirabadda obyekt və evlərdən oğurluq edən keçmiş məhkum saxlanılıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində vətəndaşların evindən oğurluq edən əvvəllər də məhkum olunmuş, 1990-cı il təvəllüdlü Saleh Əliyev saxlanılıb. 

Keçmiş məhkum müxtəlif vaxtlarda Sabirabad sakinlərinə məxsus 3 mənzildən qızıl-zinət əşyaları, elektron avadanlıqlar, televizor, məişət əşyaları, xalça-palaz və digər əşyalar oğurlayıb.

O, həmçinin şəhər ərazisində yerləşən ictimai iaşə obyektindən də eyni xarakterli oğurluq edərək sakinlərə ümumilikdə 6 min manata qədər ziyan vurub.

Oğurladığı əşyaların bir qismini satmağa müvəffəq olsa da digər əşyalar ondan maddi sübut kimi götürülüb.

Faktla bağlı istintaq hərəkətləri davam etdirilir.

 

Müəllif | Apa.Tv
Apa.tv