Şabranda 500 hektara yaxın ərazidə çəyirtkələr məhv edilib

Şabran rayonu ərazisində yayılan Asiya çəyirtkələrinə qarşı mübarizə tədbirlərinə başlanılıb.


APA TV-nin şimal bürosunun məlumatına görə, qonşu ölkədən miqrasiya edən zərərvericilər 20 kilometrlik məsafədə, təxminən 800 hektar sahədə müşahidə edilir. 


İyunun sonlarında yaxın qonşu ölkələrdən Şabran və Siyəzən rayonlarının lokal ərazilərinə Asiya çəyirtkələrinin miqrasiyası müşahidə olunub. Aqrar Xidmətlər Agentliyinin əməkdaşlarından ibarət monitorinq qrupu yaradılaraq çəyirtkə dəstələrinin uçuş koordinatları və ümumi ərazi müəyyənləşdirilib: “İyun ayının 27-28-də dəyişən istiqamətli güclü küləklərin əsməsindən sonra çəyirtkə sürülərinin Şabrana miqrasiyası ilə bağlı məlumat daxil oldu. Dərhal əraziyə baxış keçirildi və ərazidə olan çəyirtkələrin Asiya çəyirtkəsi olduğu müəyyənləşdi. Çəyirtkəkimlərə qarşı aparılan mübarizəyə uyğun olaraq mübarizə tədbirləri araşdırıldı və müəyyən edildi ki, onlara qarşı mübarizə günün müxtəlif saatlarında olmalıdır. Çünki bu zaman onların aktivliyi olmur və mübarizə tədbirləri daha effektiv olur”. 


Bitki mühafizəsi sahəsində fəaliyyət göstərən qurumlar tərəfindən 500 hektar ərazidə kimyəvi mübarizə tədbirləri aparılıb. Mübarizə tədbirlərinin optimal müddətdə və mobil texnikalar vasitəsilə aparılması nəticəsində çəyirtkə miqrasiyasının ziyan vurma həddi minimuma endirilib.


Hazırda Asiya çəyirtkələrinə qarşı müşahidələr və mübarizə tədbirləri davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv